İsrail vergi gəlirlərinin Fələstin hökumətinə köçürülməsini təsdiqlədi

İsrail vergi gəlirlərinin Fələstin hökumətinə köçürülməsini təsdiqlədi

İsrail Nazirlər Kabineti blokada altındakı Qəzzanın payından başqa vergi gəlirlərinin Fələstin hökumətinə köçürülməsini təsdiqlədi.

SİA-nın əldə etdiyi məlumata görə, paytaxt Təl-Əvivdəki Kirya Hərbi Bazasında keçirilən siyasi təhlükəsizlik kabineti vergi vəsaitlərinin Fələstin hökumətinə və Qəzzadan Norveçə ayrılan vəsaitlərə köçürülməsi planını təsdiqləyib.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) tələbi ilə kabinetdə səsə qoyulan təklif vergi vəsaitlərinin Fələstin administrasiyasına köçürülməsi və Qəzza zolağına ayrılan aylıq 275 milyon şekel (73,31 milyon dollar) vəsaitin tutularaq Norveçdəki bank hesablarına köçürülməsini nəzərdə tutur.

Təsdiq edilmiş qərara görə, Norveçin Qəzzaya pul köçürməsinə icazə verilməyəcək. Müqavilə pozularsa, İsrailin Fələstin hökumətinə vəsait köçürməsini dayandırmaq hüququ doğacaq.

Qeyd edək ki, İsrail Fələstinin idxal etdiyi malların gömrük rüsumlarını "Fələstin administrasiyası üçün" toplayır və Fələstinə hər ay orta hesabla 190 milyon dollar ödəyir. Bu vergilər Fələstin iqtisadiyyatına mühüm gəlir gətirir.

İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotriç 2023-cü ilin 7 oktyabrından Qəzzaya hücumlardan sonra İsrailin bütün vergi gəlirlərini Fələstin hökumətinə köçürməkdən imtina etmişdi. Fələstin rəhbərliyi də İsrailin noyabr ayında Qəzzaya ayırdığı məbləği çıxaraq etdiyi ödənişi (təxminən 162 milyon dollar) qəbul etməyib İsrailə qaytarmışdı. Bu səbəbdən son iki ayda dövlət qulluqçuları maaşlarının ödənilməsi gecikmiş və Fələstin administrasiyası məvaciblərin bir hissəsini ödəmək üçün yerli banklardan borc götürmüşdü.

İsraildə yerləşən “Walla” xəbər saytı 2023-cü ilin 29 dekabrında yazmışdı ki, “ABŞ administrasiyası son vaxtlar Fələstindən tutduğu vergi gəlirlərini buraxmaq üçün İsrail hökumətinə təzyiq edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə