Rusiya ilə NATO nə vaxt savaşa qalxacaq..?

Almaniyanın müdafiə naziri Rusiya ilə NATO arasında ehtimal olunan müharibənin tarixini açıqlayıb
Rusiya ilə NATO nə vaxt savaşa qalxacaq..?

...Rusiya ilə NATO arasında silahlı qarşıdurma mümkündür. Bu ssenari beş-səkkiz ildən sonra baş verə bilər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius “Tagesspiegel” nəşrinə müsahibəsində bildirib.

Qeyd edək ki, Pistorius hələlik rusların NATO-ya hücumunu ehtimal etmir. Buna baxmayaraq o, yaxın 5-8 ildə müharibənin başlaya biləcəyi ehtimalını yüksək qiymətləndirir.

Alman nazir hər gün Kremldən Baltikyanı ölkələrdəki dostlarına qarşı təhdidlər eşitdiyini bildirir. Və bir gün Rusiyanın həmən bu NATO ölkələrinə hücum edə biləcəyini də istisna etmir.

Maraqlıdır ki, Pistorius bunları deməklə cəmiyyəti oyatmaq və Almaniya silahlı qüvvələrini ssenarinin bu inkişafına hazır olmağa çağırdığını da gizlətməyib.

Daha əvvəl Almaniyanın “Bild” nəşri NATO-nun fevralda 90 minə yaxın hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlər keçirməyə hazırlaşdığını yazmışdı.

Onu da bildirək ki, təlimin ssenarisi Rusiya Federasiyasının Şimali Atlantika Alyansı ərazisinə hücumudur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə