İraq hökuməti İranı BMT TŞ və BMT-yə şikayət edib

İraq hökuməti İranı BMT TŞ və BMT-yə şikayət edib

İraq hökuməti İranı Ərbilə ballistik raket hücumları ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) və Birləşmiş Millətlər Təşkilatına (BMT) şikayət edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, İraq Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada “İranın Ərbil şəhərini hədəf alan və günahsız mülki əhalinin ölümü, başqalarının yaralanması və dövlət və şəxsi mülkə ziyan vuran raket hücumu ilə bağlı BMT Təhlükəsizlik Şurasına və BMT-yə şikayət edildi" deyilib.

Ərbil valisi Ümit Hoşnav verdiyi yazılı açıqlamada heç bir əsası olmayan, günahsız mülki vətəndaşları hədəf alan “haqsız və qəddar hücumu” bir daha şiddətlə qınadıqlarını ifadə edərək, şəhərdə 3 günlük matəm elan olunduğunu bildirib.

İraq Kürd Regional Rəhbərliyinin (İKBY) Baş naziri Məsrur Bərzani Ərbilə edilən ballistik raket hücumlarını "səbəbsiz qorxaqcasına hücum" kimi qiymətləndirərək, "Bu əsassız hücumlar heç bir şəkildə cavabsız qalmamalıdır" deyib.

KDP-nin sədri Məsud Bərzani də hücumlara sərt reaksiya verərək, “Bu haqsızlığa və zülmə qarşı daha səssiz qala bilmərik. Artıq səbrimizin bir həddi var" ifadəsini işlədib.

Qeyd edək ki, İraq Kürd Regional Rəhbərliyi Təhlükəsizlik Şurası yanvarın 15-i gecə İran İnqilab Keşikçiləri Korpusunun Ərbildə bir çox mülki yaşayış məntəqəsinə çoxlu ballistik raketlərlə həyata keçirdiyi hücumlarda 4 mülki şəxsin həlak olduğunu və 6 nəfərin yaralandığını bildirib.

İran İnqilabı Keşikçiləri Korpusundan verilən açıqlamada Suriya ərazisində terror təşkilatı DEAŞ-ın hədəflərinin, həmçinin İsrailin xarici kəşfiyyat təşkilatı Mossadın Ərbildəki qərargahının ballistik raketlərlə hədəfə alındığı iddia edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə