Yanvarın 22-də keçiriləcək görüşdə Avropa İttifaqı xarici işlər nazirləri Qırmızı dənizdə kommersiya gəmiçiliyinin təhlükəsizliyini təmin etmək üçün ABŞ-ın missiyasında iştirak imkanlarını müzakirə edəcəklər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Deutsche Welle” yayıb.
Qeyd edək ki, Avropa İttifaqının xarici siyasət xidməti artıq yeni birgə Avropa əməliyyatının başlanması üçün ilk təklifləri hazırlayıb. Bu digər şeylərlə yanaşı, üç freqat və kəşfiyyat təyyarələrinin regiona göndərilməsini nəzərdə tutur. Agentliklər cümə günü, yanvarın 12-də bu barədə diplomatik mənbələrə istinadən məlumat yayıblar.
Yanvarın 18-də bu planlar Avropa İttifaqına üzv dövlətlərin səfirləri və Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndələrinin iştirak etdiyi Siyasi eləcə də Təhlükəsizlik Siyasəti Komitəsində müzakirə olunacaq.
Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Avropa İttifaqı təcili olaraq müvafiq planlar hazırlamaq üzərində işləyir.
Bu arada Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Sebastyan Fişer, Almaniya hökumətinin Avropa İttifaqının Qırmızı dənizdəki missiyasında iştirak etməyə hazır olduğunu bildirib. Lakin ölkəsinin mandatı hələ tamamlanmayıb deyə, ona görə də Almaniyanın missiyada iştirakının miqyası barədə danışmaq hələ tezdir.
...Əvvəlcə Hind okeanında mövcud olan Atalanta antipirat missiyasının mandatının Amerikanın Qırmızı dənizdəki missiyasında iştirak etmək üçün kifayət edəcəyi güman edilirdi, lakin bu variant hazırda rotasiya üzrə bu əməliyyata rəhbərlik edən İspaniya tərəfindən bloklandı.
Yeri gəlmişkən, İspaniyada hakim koalisiya daxilində Madridin Qırmızı dənizdəki hərbi əməliyyatlarda iştirakı ilə bağlı mübahisələr yaranıb.
Xatırladaq ki, husi üsyançılarının gəmilərə hücumları səbəbindən Qırmızı dənizdə ticarət gəmiləri hazırda dayandırılıb. Yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Hollandiya, Kanada, Avstraliya və Bəhreynin dəstəyi ilə Yəməndəki husi bazalarına kütləvi hücumlar həyata keçirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB