İordaniya: ''Qırmızı dənizdə yaşananları narahatlıqla izləyirik''
İordaniya Qırmızı dənizdə həyata keçirilən hərbi əməliyyatların və Yəmənə endirilən hava hücumların böyük narahatlıqla izləndiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə İordaniyanın xarici işlər naziri Eyman əs-Safedi ''Petrad'' xəbər agentliyinə verdiyi bəyanatda bildirilib.
“İordaniya Qırmızı dənizdəki hadisələri və bu olayların regional təhlükəsizliyə təsirini böyük narahatlıqla izləyir”,-deyə Eyman əs-Safedi qeyd edib.
O, verdiyi bəyanatda İsrailin Qəzza zolağına vəhşicəsinə hücumları və Fələstin xalqının hüquqlarını pozan rəftarının bölgənin təhlükəsizliyinə ən böyük təhdid olduğunu vurğulanıb.
“İsrail Qəzzaya qarşı hücumlarını davam etdirərək və yeni cəbhələr açaraq bölgəni daha çox münaqişə, gərginlik və müharibəyə doğru sürükləməyə çalışır”,-deyə Eyman əs-Safedi bildirib.
Eyman əs-Safedinin verdiyi bəyanatda həmçinin beynəlxalq ictimaiyyətin İsrailin hücumlarını dayandırmaqda aciz olduğuna diqqət çəkilərək, Benyamin Netanyahunun başçılıq etdiyi İsrail hökumətinin bütün bölgəni müharibəyə cəlb etməyə çalışdığı qeyd edilib.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatları və Böyük Britaniyaya məxsus döyüş təyyarələri gecə radələrində Yəmənin paytaxtı Səna ilə Hudeydə və Taiz şəhərlərinin bəzi bölgələrinə hava zərbələri endirib.
ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Rişi Sunak Amerika və İngiltərə ordularının Qırmızı dənizdəki hücumlara cavab olaraq Yəməndəki husilərə aid bəzi hədəfləri vurduğunu açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB