Rusiyada gənclərin demək olar ki, yarısı Putinə səs verməkdən imtina edib
...Çikaqo Universitetində, NORC tərəfindən aparılan sorğunun nəticələrinə görə, Rusiya prezidenti Vladimir Putin yaşı 30-dan aşağı olan rusların qeyd-şərtsiz dəstəyindən istifadə etmir.
Belə ki, bu yaşda olan vətəndaşların yalnız 53 faizi beşinci müddətə namizədliyini irəli sürməyi planlaşdıran hazırkı dövlət başçısına səs verməyə hazırdır, 47 faizi başqa namizədə üstünlük verir.
SİA-nın əldə etdiyi məlumata görə, Putinin ən fəal tərəfdarları 60 yaşdan yuxarı ruslardır. Onların 73 faizi mart seçkilərində prezidenti dəstəkləməyi planlaşdırır.
Ümumiyyətlə, ölkə əhalisinin üçdə ikisi Putinə səs verməyə hazırlaşır, onun namizədliyini isə kişilərdən (61 faiz) daha çox qadınlar (70 faiz) dəstəkləyir.
Eyni zamanda, Rusiyada siyasi mənzərənin dəyişdirilməsi tələbi var. Belə ki, respondentlərin 74 faizi ölkədə mövcud hakimiyyətə qarşı müxalifətin olmasının lazımlığını bildirib. Lakin əksəriyyət dəyişikliyin tərəfdarı olsa da, onun aktuallığı ilə bağlı fikirlər müxtəlifdir: 42 faiz bunun vaxtının artıq çatdığına inanır, 46 faiz isə əksini düşünür.
Ruslardan Putinin Ukraynada başladığı və iki ilə yaxındır davam edən müharibəyə münasibəti də soruşulub. Məlum olub ki, vətəndaşların 63 faizi onu dəstəkləyir. Əsasən, respondentlər öz mövqelərini “NATO-dan təhdidlər”lə əsaslandırdılar.
62 faizi hesab edir ki, Rusiya dünya arenasında ədalətsiz davranır, respondentlərin daha 64 faizi Ukraynadakı müharibəni Rusiya ilə Qərb arasında sivilizasiya mübarizəsi kimi qiymətləndirir, 68 faizi isə ölkədə “LGBT təbliğatının” yayılmasından narahat olduğunu bildirir.
Bununla belə, vətəndaşların 34 faizi münaqişənin NATO ilə birbaşa qarşıdurmaya çevrilə biləcəyindən narahatdır.
Rusların 67 faizinin Putinin xarici siyasətini bəyənməsinə baxmayaraq, onun daxili işləri idarə etməsi suallar doğurur – cəmi 58 faizi hesab edir ki, prezident indiyədək ölkədəki vəziyyəti ayaqda saxlaya bilib. Vətəndaşların böyük əksəriyyəti – 80 faizi- Ukraynada müharibə başlayandan bəri onların həyat səviyyəsinin eyni qaldığını və ya aşağı düşdüyünü qeyd edərək, rifahın artımının olmamasından şikayətlənib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB