İrandakı partlayışların arxasında İŞİD-in Əfqanıstan qanadı dayanır?

İrandakı partlayışların arxasında İŞİD-in Əfqanıstan qanadı dayanır?

ABŞ kəşfiyyat mənbələri yanvarın 3-də İranda 100-dən çox insanın ölümü ilə nəticələnən partlayışların arxasında radikal İslam Dövləti qruplaşmasının Əfqanıstan qanadının olduğunu bildirib. Dünyanın bir çox ölkəsində terror qruplaşması kimi tanınan qrup hücumun ertəsi günü məsuliyyəti öz üzərinə götürüb.

SİA xəbər verir ki, “Reuters”-in məlumatına görə, Amerika kəşfiyyat agentlikləri telefon dinləmələri əsasında terror aktında İslam Dövlətinin əfqan bölmələrinin iştirak etdiyi qənaətinə gəliblər. Onların fikrincə, bu, partlayışların təşkilatçılarının İslam Dövlətinin tərkibində olan İslam Dövlətinin -Xorasan qruplaşması olduğu qənaətinə gəlməyə imkan verir.

Xatırladaq ki, yanvarın 3-də İranın Kirman şəhərindəki qəbiristanlıqda, 2020-ci ildə öldürülən İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin ölümünün ildönümündə onun xatirəsinə ucaldılmış abidədə silsilə partlayışlar baş verib. 103 nəfərin öldüyü, 200-dən çoxunun yaralandığı bildirilir. Həmən gün Süleymaninin ölümünün dördüncü ildönümünü qeyd etmək üçün qəbiristanlıqda anım mərasimi keçirilib. İran hakimiyyəti hadisəni terror aktı kimi qiymətləndirib.

Yanvarın 4-də törədilən partlayışlara görə məsuliyyəti İslam Dövləti öz üzərinə götürərək, onların iki kamikadze tərəfindən törədildiyini bildirib. Qrupun nümayəndələri hansı məqsəd güddüklərini bildirməyiblər.

Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun eksperti Aaron Zelin ehtimal edir ki, terror hücumunun fonunda İslam Dövləti tərəfdarlarının əksəriyyətini əhatə edən sünni müsəlmanlar ilə İranda İslamın dominant məzhəbi olan şiələr arasında düşmənçilik yarana bilər.

Əvvəllər İran mediası qurbanların xatirəsinə nümayişlər haqqında məlumat vermişdi, onların iştirakçıları partlayışlarda İsrail və ya ABŞ-ı günahlandırdılar.

Qeyd edək ki, həm ABŞ, həm də İsrail hər hansı əlaqəni inkar edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə