İran rəsmiləri Kirmandakı terror aktları ilə bağlı açıqlama veriblər

İran rəsmiləri Kirmandakı terror aktları ilə bağlı açıqlama veriblər

İran prezidenti İbrahim Rəisi ölkəsində terror aktlarını törədənlərin ən qısa zamanda cəzalandırılacağını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, İbrahim Rəisi Kirmanda 95 nəfərin həyatını itirdiyi bombalı hücumlarla bağlı yazılı açıqlama verib.
İbrahim Rəisi açıqlamasında terror aktını pisləyib, həlak olanların ailələrinə və İran xalqına başsağlığı verib.
"Şübhəsiz ki, bunu törədənər və rəhbərləri təhlükəsizlik və hüquq-mühafizə orqanları tərəfindən tez bir zamanda aşkar edilərək lazımi cəzalarını alacaqlar. Düşmənlər bilməlidirlər ki, bu cür əməllər heç vaxt dövlətin əzmini poza bilməz. İran xalqı öz İslam ideallarını müdafiə edəcək. İran döyüş meydanında terror və şiddətin kökünü kəsmək üçün hər zamankindən daha qətiyyətlidir",-deyə İbrahim Rəisi qeyd edib.
Ölkənin dini lideri Əli Xamneyi də hücumları törədənlərə sərt cavab veriləcəyini bildirib.
Xamneyinin rəsmi internet saytındakı yazılı açıqlamada bu ifadələrə yer verilib: “Əlləri günahsızların qanına bulanmış insanlar və onları bu səhvə sövq edənlər ədalətli cəzanın mütləq hədəfinə çevriləcək. Onlar bilməlidirlər ki, buna sərt reaksiya veriləcək''.
İranın daxili işlər naziri Əhməd Vahidi də ölkəsinin təhlükəsizlik qüvvələrinin terror aktlarını təşkil edənlərə ən qısa zamanda sarsıdıcı və qəti cavab verəcəyini bildirib.
Ötən gün İranın Kirman əyalətində İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin keçmiş komandanı Qasim Süleymaninin məzarı yaxınlığında törədilən iki partlayış nəticəsində 95 nəfər həyatını itirib. Ölkədə bir günlük matəm elan edilib.
2020-ci il yanvarın 3-də İraqın paytaxtı Bağdadda ABŞ-ın təşkil etdiyi hücumda həlak olan Süleymaninin öldürülməsinin 4-cü ildönümü ilə əlaqədar İranda anım mərasimi təşkil edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə