...Sizi bilmirəm, amma mən çox savadlı olanlara həmişə qibtə etmişəm. Bəzən bu qibtə, lap paxıllıq həddinə də çatıb. Amma...
...Nə isə, deyirəm annotasiya üçün kifayət edər...mətləbə keçək.
Deməli, o gün rusiyalı jurnalist, media meneceri, təbliğatçısı…daha bilmirəm nəyi... Marqarita Simonovna Simonyan özünün savadlılığına dəlalət edən gözəl bir fakt açıqlayıb.
Deyib ki, ABŞ-da, sadəcə olaraq, ancaq azadlıq şüarları var. Amma orada - məsələn, Rusiya səviyyəsində heç bir fərdi azadlıq-filan yoxdur.
...Məncə yaxşı deyib, amma yaxşı əsaslandıra bilməyib.
Məcburam mən əsaslandıram.
...Deməli, o gün Sankt-Peterburqdakı “Qalamart” mağazasının direktoru ukraynalı sənətçi Verka Serduçkanın mahnısını dinlədiyinə görə, üzr istəməyə məcbur edilib. Niyə? Sən demə, Serduçkanın mahnısı oxunarkən həmən ərəfədə mağazada olan (?) “xüsusi hərbi əməliyyat veteranı”nın hisslərini incitdib.
Təbii ki, bu fərdi azadlığa sahib olan ölkə nümayəndələri üçün qəbuledilməzdir.
Deyirəm, fərdi azadlıq sahibi olan rusiyalı, sadəcə olaraq “üzr istəməklə” çanını qurtarıbsa,.. deməli gedib kilsədə şamdan-filandan yandırmalıdı, yoxsa...
...Hə, yadımdan çıxmamış, Marqaritanın bu yaxınlarda irəli sürdüyü başqa bir təklifini də diqqətinizə çatdırım.
Yenə də deməli, o gün Simonyan gözəl bir təşəbbüslə gündəmə gələrək deyib ki, bundan sonra hər hansı bir rus, deyək ki, 23 milyon rubl dəyərində almaz və ya zümrüd, ümumiyyətlə lüks nəsə alarsa, o zaman eyni məbləğdə vəsaiti cəbhəyə də göndərməlidir...
...Sizi bilmirəm, amma bu da mənim çox xoşuma gəldi. Doğrudur, burada savadlılıq özünü az büruzə versə də, amma deyərdim ki, bu, vətənpərvərliyin ən bariz nümunəsi kimi qəbul edilməlidir.
Amma, indi deyim ki, mənə bu gün Rusiyada nəyin lüks hesab edilə biləcəyini başa düşmək qalır.
Deyirəm, görəsən, bu gün Rusiyada qəhətə çıxan toyuq yumurtaları bu kateqoriyaya uyğun gəlmir ki..?
...Amma yenə də savadlı olmaq başqa aləmmiş.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB