Parisdə Eyfel qülləsi işçilərin tətili səbəbindən bağlanır

Parisdə Eyfel qülləsi işçilərin tətili səbəbindən bağlanır

Parisin əsas görməli yerlərindən biri olan Eyfel qülləsi çərşənbə günü ziyarətçilər üçün bağlanıb. Səbəb isə işçilərin tətili olub. İşçilər idarəedici şirkəti yalnız qazanc əldə etməkdə və qüllənin texniki təminatına və təmirinə lazımi diqqət yetirməməkdə ittiham edirlər.

SİA-nın əldə etdiyi məlumata görə, tətili təşkil edən CGT həmkarlar ittifaqı öz bəyanatında aksiyanın məqsədinin idarəetmə şirkətinin maliyyə siyasətindəki çatışmazlıqlara diqqəti cəlb etmək olduğunu bildirib.

Tətil edənlərin sözlərinə görə, rəhbərlik hər il qülləni ziyarət edən vətəndaşların və turistlərin sayını eləcə də onu yaxşı vəziyyətdə saxlamaq üçün lazım olan xərcləri düzgün hesablamır.

Onlar xəbərdarlıq edirlər ki, texniki problemlərə məhəl qoyulmamaqda davam edərlərsə, 2024-cü ildə Parisdə Olimpiya Oyunlarının açılışına qədər qüllə turistlər üçün tamamilə bağlana bilər.

Xatırladaq ki, işçilər əvvəllər qüllənin texniki vəziyyətinin pis olduğu barədə dəfələrlə xəbərdarlıq etmişdilər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə