Keçmiş “Vaqner”çilər bu gün Rusiyada “qan eləyirlər”...

Keçmiş “Vaqner”çilər bu gün Rusiyada “qan eləyirlər”...

2023-cü ildə Rusiyaya qayıtdıqdan sonra “Vaqner” PMC-nin tərkibində Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etdiklərinə görə əfv edilmiş keçmiş məhbuslara qarşı 190-dan çox cinayət işi açılıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu məlumat “Vertka” tərəfindən aparılan araşdırmada təqdim olunub.

Jurnalistlərin hesablamalarına görə, “Vaqner” PMC-də xidmət etmiş keçmiş məhbuslar daha çox oğurluq - 83, yol hərəkəti qaydalarını pozma - 27, narkotik maddələrlə - 23, adam öldürmə və ya adam öldürməyə cəhd - 20 iş üzrə mühakimə olunurlar.

Bundan başqa, muzdlulara qarşı sağlamlığa ağır xəsarət yetirmə, avtomobil oğurluğu, dövlət məmuruna hücum və ya təhqir, dələduzluq, adam oğurluğu və zorlama maddələri ilə iş açılıb.

Nəşr qeyd edir ki, əksər hallarda əfv olunan məhbuslara cərimə, məcburi əmək və ya şərti cəza verilir. Həqiqi həbs müddəti yalnız insanlar cinayət nəticəsində həlak olduqda təyin edilir.

“Vertka” onu da aydınlaşdırır ki, bəzi cinayət işlərində eyni vaxtda bir deyil, bir neçə cinayət maddəsi var.

“Verstka” qeyd edir ki, Ukraynada müharibədə iştirak etdikdən sonra əfv olunan keçmiş məhbuslara qarşı cinayət işlərinin faktiki sayı daha çox ola bilər.

Amma Rusiya hakimiyyəti müttəhimlərin döyüş əməliyyatlarında iştirak etməsi faktını gizlətməyə çalışır.

Yeri gəlmişkən, dekabrın 21-də Sankt-Peterburqda Vaqner PMC-nin keçmiş döyüşçüsü Aleksandr Tyutin sifarişli qətl təşkil etməyə cəhddə ittiham olunaraq saxlanılıb. 2021-ci ildə məhkəmə artıq onu 4 nəfəri öldürməkdə və qardaşı qızının qətlini təşkil etməyə cəhddə görə 23 il həbs cəzasına məhkum edib.

Xatırladaq ki, bir vaxtlar Ukraynada döyüşən Tyutin, “Vaqner” PMC-dən igidliyə görə medal da almışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə