"Rusiya həmişə milli dövlət deyil, imperiya olub və..."

Avropa İttifaqı və Britaniya nümayəndələri Ukraynaya dəstəyi artırmağa çağırıblar
"Rusiya həmişə milli dövlət deyil, imperiya olub və..."

Avropa İttifaqı və Böyük Britaniyanın yüksək səviyyəli nümayəndələri Rusiya ilə qarşıdurmada Ukraynaya dəstəyi artırmağa çağırıblar.

SİA-nın əldə etdiyi məlumata görə, “The Guardian”-a müsahibə verən Avropa İttifaqının xarici siyasət komissarı Josep Borrell, Rusiya prezidenti Vladimir Putinin “müharibəni yekun qələbəyə qədər davam etdirməyə qərar verdiyini” xatırladıb.

Borrellin sözlərinə görə, əgər biz kursu tez dəyişməsək, bütün imkanlarımızı səfərbər etməsək, bu, Putinə Ukraynadakı müharibədə qalib gəlməyə imkan verəcək.

Qeyd edək ki, Borrelin hansı konkret addımları nəzərdə tutduğu bəlli deyil.

2023-cü ilin dekabrında keçirilən Avropa İttifaqı sammitində Macarıstanın mövqeyinə görə Avropa İttifaqı Ukraynaya yardım üçün 50 milyard avro ayrılması ilə bağlı razılığa gələ bilməyib.

Ona görə də Avropa İttifaqı liderləri bu məsələyə yanvarda qayıdacaqlar.

Borrelin fikrincə, Rusiyanın Ukraynada mümkün qələbəsi Avropa İttifaqının mövcudluğunu təhdid edəcək. O vurğulayıb ki, Rusiya həmişə milli dövlət deyil, imperiya olub və buna görə də qonşuları eləcə də son nəticədə Avropa üçün təhlükə yaradır.

Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps isə öz növbəsində “The Sunday Times” qəzetinə müsahibəsində bildirib ki, Qərb Rusiyaya Ukraynanı məğlub etməyə imkan verə bilməz.

Şappsın fikrincə, müdafiə büdcələrini artırmaq və Ukraynanı ona lazım olan hər şeylə təmin etmək lazımdır, çünki Rusiyanın uğuru, onun fikrincə, Qərbin zəifliyinə və diktaturaların gücünə işarə olacaq.

...ABŞ prezidenti Co Bayden də Ukraynaya yardım üçün vəsaitin ayrılması zərurətini əsaslandırarkən eyni arqumentdən istifadə edir. Konqres isə fikir ayrılıqlarına görə bu il qanun layihəsini qəbul edə bilməyib. Müzakirələrin yanvarda davam edəcəyi gözlənilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə