Tankerə hücum edən pilotsuz təyyarə İrandan buraxılıb..?

Tankerə hücum edən pilotsuz təyyarə İrandan buraxılıb..?

...ABŞ Müdafiə Nazirliyi Hindistan sahillərində Ərəb dənizində neft tankerini vuran pilotsuz təyyarənin İrandan buraxıldığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Yaponiya şirkətinə məxsus, Hollandiyadan olan şirkət tərəfindən idarə olunan və Liberiya bayrağı altında üzən “Hem Pluto” gəmisi dekabrın 23-də yerli vaxtla səhər saat 10 radələrində Hindistan sahillərindən 200 dəniz mili aralıda, Hind okeanında hücuma məruz qalıb.

Deməli bu mesajı Pentaqon verib.

Qeyd olunur ki, pilotsuz təyyarənin hücumu gəmidə yanğına səbəb olub, yanğın söndürülüb və itki yoxdur. Səudiyyə Ərəbistanından xam neft daşıyan tanker Hindistan limanına doğru yoluna davam edib.

Onu da qeyd edək ki, bundan əvvəl Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi də gəmiyə hücum barədə məlumat vermişdi.

Maraqlıdır ki, İran hələlik ABŞ-ın ittihamlarına cavab verməyib.

Yeri gəlmişkən, bir gün əvvəl - tankerə hücumun baş verdiyi gün İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli nümayəndəsi, Bab əl-Məndəb boğazından başqa, yaxın gələcəkdə digər dəniz yollarının da bağlana biləcəyini demişdi.

SEPAH komandirinin sözçüsü general Məhəmməd Rza Naqdinin sözlərinə görə, ABŞ və İsraili dəstəkləyən digər ölkələr yeni “müqavimət qrupları”nın yaranması ilə üzləşə bilərlər.

… İran husilər kimi tanınan Yəmənin iranpərəst “Ənsar Alla” qrupunun Qırmızı dənizdə və onu Hind okeanı ilə birləşdirən Bab əl-Məndəb boğazında ticarət gəmilərinə hücumlarında iştirakını inkar edir.

Xatırladaq ki, husilər daha əvvəl yəhudi dövlətinin Qəzza zolağında HƏMAS qruplaşmasına qarşı apardığı döyüşlərlə əlaqədar İsraillə hər hansı əlaqəsi olan gəmilərə hücum edəcəklərini açıqlamışdı.

Lakin məsələ bundadır ki, İsraillə əlaqəsi olmayan gəmilər də atəşə və pilotsuz təyyarələrin hücumlarına məruz qalmaqdadır. Bu səbəbdən dünyanın bir sıra ən böyük daşıyıcıları gəmi marşrutlarını dəyişdiriblər ki, bu da daşıma xərclərinin artmasına səbəb olur.

ABŞ Mərkəzi Komandanlığı bazar günü bildirib ki, ABŞ ordusu Yəməndən atılan dörd pilotsuz təyyarəni Qırmızı dənizin cənubundakı iki ticarət gəmisinə - Norveç və Hindistan bayraqları ilə üzən tankerlərə vurub. Husilərin də iki ballistik raket atdıqları iddia edilir, lakin gəmiləri vura bilməyiblər. ABŞ ordusunun məlumatına görə, oktyabrın 17-dən husilər artıq ticarət gəmilərinə 15 belə hücum həyata keçirib. Onların heç biri batmayıb, lakin bəziləri zədələnib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə