Putin Ukraynada müharibənin dondurulması ilə bağlı danışıqlara hazırdır
Rusiya prezidenti Vladimir Putin diplomatik kanallar vasitəsilə Ukraynada atəşkəsə hazır olduğunu bildirib. Bu barədə şənbə günü, dekabrın 23-də “The New York Times” Kremlə yaxın iki keçmiş yüksək rütbəli rus məmuruna, həmçinin ABŞ və Kremlin mesajı ilə tanış olan digər ölkələrin rəsmilərinə istinadən yazıb. Onların sözlərinə görə, Moskva ən azı sentyabr ayından belə siqnallar göndərir. SİA bu barədə rus saytlarına istinad edir.
…Eyni zamanda, Putin açıq şəkildə bildirir ki, o, hərbi əməliyyatları yalnız indiki mövqelərdə dondurmağa hazırdır.
Nəşrin Rusiya Federasiyasından olan həmsöhbəti Putinin bir metr belə geri çəkilmək istəmədiyini də bildirib.
Xatırladaq ki, ötən payızda Rusiya nümayəndələri ilə görüşən yüksək rütbəli beynəlxalq məmur bildirib ki, Rusiya tərəfi “atəşkəslə bağlı danışıqlara hazırdır”, lakin “olduğu yerdə döyüş meydanında qalmaq” şərtiylə...
Amerika rəsmilərinin bildirdiyinə görə, Rusiya prezidenti oxşar siqnalları 2022-ci ilin payızında, Ukrayna ordusu bir sıra bölgələrdə əraziləri azad etdikdən sonra verib. Onların fikrincə, Kreml Rusiyanın ələ keçirdiyi əraziləri saxlayacağı təqdirdə atəşkəsə hazır olduğunu açıq şəkildə bəyan edib.
Bəzi ABŞ rəsmiləri deyirlər ki, Kremlin ictimai olmayan mesajları Moskvanın çaşdırmaq cəhdi ola bilər və Putinin güzəştə getməyə əsl istəyini əks etdirmir. Rusiya ordusu “sürətini artırarsa” Kreml “yenidən fikrini dəyişə bilər”.
Rusiya dəfələrlə Ukraynanı dialoqdan imtina etməkdə ittiham edib. Bu arada Ukrayna hakimiyyəti dəfələrlə qeyd edib ki, Moskva ilə sülh danışıqlarına başlamaq üçün təcavüzə məruz qalmış ölkə kimi Ukraynanın əks tələblərini qeyd-şərtsiz yerinə yetirmək lazımdır.
Bunun üçün əsas şərt Rusiya qoşunlarının Ukraynadan dərhal çıxarılmasıdır. Ukrayna prezidenti Vladimir Zelenski dəfələrlə bəyan edib ki, Kiyev sülhün bağlanması üçün rus qoşunlarının 1991-ci il sərhədlərinə çıxarılmasını zəruri şərt hesab edir.
Qeyd edək ki, mart ayında Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Vladimir Putinin, eləcə də Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın həbsinə order verib. Onlar hərbi cinayətlərdə, xüsusən də ukraynalı uşaqların Rusiyaya qanunsuz deportasiyasında şübhəli bilinirlər. Amma Moskva Rusiyanın hərbi işğalından sonra Ukraynada törədilmiş hərbi cinayətlərdə iştirakını inkar edir.
Yeri gəlmişkən, Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımır və onun işində iştirak etmir. Haaqa məhkəməsinin qərarından sonra Rusiya Daxili İşlər Nazirliyi Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan və Rusiya liderinin həbsinə order verən üç hakimi axtarışa verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB