75 yaşlı Nikolay Xaritonov da Rusiya prezidenti olmaq istəyir...

75 yaşlı Nikolay Xaritonov da Rusiya prezidenti olmaq istəyir...

Rusiya Federasiyası Kommunist Partiyasının qurultayı Rusiyada keçiriləcək prezident seçkilərində partiyanın namizədliyini irəli sürüb. Kommunistləri Dövlət Dumasının 75 yaşlı deputatı Nikolay Xaritonov təmsil edəcək. SİA-nın əldə etdiyi məlumata görə, bu, onun ikinci prezidentlik kampaniyası olacaq.

2004-cü ildə o, artıq Rusiya Federasiyası Kommunist Partiyasından seçkilərdə iştirak etmiş və təxminən 13,7 faiz səs toplayaraq ikinci yeri tutmuşdu. Təbii ki, həmən vaxt birinci yeri 71,3 faizlə prezident Vladimir Putin tutmuşdu.
Qeyd edək ki, Xaritonov bütün səkkiz çağırış Dövlət Dumasının deputatıdır. O, birinci Dumada 37 yer qazanmış Rusiya Aqrar Partiyasının yaradıcılarından biridir.

Siyasətçi Moskvanın Donetsk və Luqansk separatçılarının müstəqilliyinin tanınmasına səs verdiyinə və Rusiyanın işğalında Kremlə dəstək verdiyinə görə Qərb ölkələrinin sanksiya siyahısına daxil edilib.

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ümumilikdə 29 namizəd namizədliyini irəli sürmək üçün sənədlər təqdim edib, onların arasında Xaritonovun olub-olmadığı açıqlanmayıb. Rusiyanın hazırkı prezidenti, 71 yaşlı Vladimir Putin seçkilərdə iştirak edəcəyini açıqlayıb. LDPR partiyasının qurultayı partiyanın rəhbəri, 55 yaşlı Leonid Slutskini namizəd kimi irəli sürüb. Rusiya Ümumxalq Birliyi öz lideri Sergey Baburinin namizədliyini irəli sürəcək.

Qeyd edək ki, Dövlət Dumasında təmsil olunan partiyalardan olan namizədlərin onları dəstəkləmək üçün imza toplamasına ehtiyac yoxdur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə