Tramp Moskva ilə sövdələşməyə getməyəcək...

Ukraynalılar 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçı Donald Trampın ehtimal olunan qələbəsindən narahat olmamalıdırlar
Tramp Moskva ilə sövdələşməyə getməyəcək...

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Ukrayna və dünya 2024-cü ildə” adlı NV tədbiri zamanı deyib ki, ukraynalılar 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçı Donald Trampın ehtimal olunan qələbəsindən narahat olmamalıdırlar.

Ağ Evdə yenidən yüksək kürsüyə iddialı olan ABŞ-ın keçmiş prezidenti Donald Tramp şok bəyanatları və ultra xarizmatik reputasiyası ilə tanınır, lakin onun administrasiyasının hərəkətləri bir dəfə sübut etdi ki, o, Moskva ilə sövdələşməyə getməyəcək.

SİA-nın əldə etdiyi məlumata görə, dediklərini əsaslandırmaq üçün Dmitri Kuleba nümunələr də gətirib.

…Ukraynaya ilk Amerika silahı olan “Javelin”-i kim satdı? Prezident Tramp! İlk hərbi gəmilərin, “Ada” və “Mark-6” tipli qayıqların Ukraynaya pulsuz göndərilməsi proqramına kim başlayıb? Yenə Tramp! “Şimal axını 2” ilə kim mübarizə aparıb və bu kəməri çəkmiş “Fortuna” gəmisinə sanksiyaları kim tətbiq edib? Yenə də Tramp!

Kuleba hesab edir ki, Tramp seçiləcəyi təqdirdə diktator Vladimir Putinlə sövdələşməyə gedəcəyi ilə bağlı mətbuatın fikirləri əsassızdır.

Ukraynalı nazirə görə, indi yox, elə gələcəkdə də ABŞ-da heç kim Putinlə sövdələşməyə getməyəcək.

...Sadəcə olaraq Trampla işləməyi bacarmaq lazımdır və Ukrayna ştatlarda keçirilən seçkilərin heç bir nəticəsindən qorxmamalıdır.

Bunu da Kuleba deyib.

Yeri gəlmişkən, anketlərə görə 2024-cü il ABŞ prezident seçkilərində favorit olan Tramp bir neçə dəfə yenidən seçiləcəyi təqdirdə Ukraynadakı müharibə problemini həll edəcəyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə