İranda 29 yaşlı Samirə Sabzian dekabrın 20-də asılaraq edam edilib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, o, ərini öldürdüyünə görə, 10 il bundan əvvəl həbs edilmişdi.
Beləliklə, 10 il həbsdə qalan iranlı qadın, bu çərşənbə günü İranın ən böyük həbsxanalarından biri olan Gezel Xesar həbsxanasında edam edilib.
Qeyd edək ki, bu həbsxana Tehranın ətrafı Kərəcdə yerləşir.
Onu da bildirək ki, edamın icrası Norveçdə yerləşən İran İnsan Haqları Qrupu tərəfindən elan edilib.
...İslam Respublikasında bu il yüzlərlə iranlı narkotik alverində və qətllərdə iştirak etdiklərinə görə edam edilib. Edam edilənlər arasında ondan çox qadın da var.
Samirə Sabzian təkcə bu il İranda asılan on səkkizinci qadın olub. İran hakimiyyəti 29 yaşlı qadının edam edilməsini hələlik rəsmi təsdiqləməyib.
Xatırladaq ki, Samirə Sabzian 15 yaşında ailə qurub və yaxınlarının dediyinə görə, əri tərəfindən zorakılığa məruz qalıb.
Xəbər agentliklərinin məlumatına görə, həbs olunarkən onun biri körpə olmaqla iki övladı olub. Son 10 il həbsdə olduğu müddətdə ona uşaqları ilə yalnız bir dəfə görüşməyə icazə verilib. Bu da edamdan bir qədər əvvəl, dekabrın əvvəlində baş verib.
İran İnsan Haqları Qrupunun rəhbəri Mahmud-Amiri Moghaddam deyib: “Samirə uzun illər cinsi ayrı-seçkilik, uşaq evliliyi və məişət zorakılığının qurbanı olub və bu gün o, bu rejimin səriştəsiz və korrupsiyalaşmış öldürmə maşınının qurbanı olub”.
Beynəlxalq insan haqları təşkilatı “Amnesty International” və bir sıra ölkələrin, o cümlədən Böyük Britaniyanın hökumətləri uzun illərdir ki, gənc ananın həyatını xilas etməyə çalışaraq İran hakimiyyəti ilə danışıqlar aparıb.
Maraqlıdır ki, İranda edam edilən qadınların təxminən üçdə ikisi ərlərini öldürməkdə günahlandırılanlardır. O da maraqlıdır ki, İran qanunlarına görə, qadın məişət zorakılığının qurbanı olsa belə, heç bir halda boşana bilməz.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB