Rusiyalı milyarder Mixail Fridman Ukraynada axtarışa verilib

Rusiyalı milyarder Mixail Fridman Ukraynada axtarışa verilib

Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı biznesmen və milyarder Mixail Fridmanı axtarış siyahısına salıb. Ukraynada o, Rusiya təcavüzünü maliyyələşdirməkdə ittiham olunur. Xatırladaq ki, bundan əvvəl Fridmanın Ukraynadakı aktivlərinə həbs qoyulmuşdu.

Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, Fridman Rusiya ordusunu və hərbi sənaye kompleksini maliyyələşdirir. Ukrayna təhlükəsizlik orqanları iddia edir ki, Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri iş adamı Rusiyanın bir neçə hərbi müəssisəsinə təxminən iki milyard rubl sərmayə qoyub.

Onların arasında patron istehsal edən Tula Patron Zavodu, eləcə də döyüş təyyarələri və helikopterlər üçün yüksək texnologiyalı avadanlıq istehsal edən Yalamov adına Ural Optik-Mexanika Zavodu var.

SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna Daxili İşlər Nazirliyinin saytındakı axtarış kartında Fridman “ibtidai istintaqdan gizlənən şəxs” kimi qeyd edilib. Onun barəsində cinayət işinin başlanması ilə bağlı məlumat yoxdur.

Xatırladaq ki, daha əvvəl Rusiya tərəfindən işğal olunmuş Zaporojye vilayətindən olan Federasiya Şurasının üzvü və Roskosmosun keçmiş rəhbəri Dmitri Roqozin Fridmanın Silahlı Qüvvələrin maliyyələşdirilməsində iştirakına görə yoxlanılması xahişi ilə İstintaq Komitəsinə müraciət etmişdi.

Maraqlıdır ki, Fridman, Roqozinin şübhələrinin nədən doğduğunu açıqlamayıb.

Yeri gəlmişkən, Rusiyanın ən varlı adamlarından biri olan Mixail Fridman Lvovda anadan olub. Onun Rusiya və İsrail vətəndaşlığı var və Böyük Britaniya sakinidir. Ukraynada o, bir çox aktivlərə, o cümlədən Alfa Bankın Ukrayna bölməsində (müharibə başlayandan sonra Ukrayna şirkəti Sense Bank adlandırıldı və milliləşdirildi), ən böyük mobil operator Kyivstar və s. sahib idi...

Qeyd edilməlidir ki, Fridman hazırda ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın sanksiyaları altındadır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə