...Lyublin voyevodalığının məhkəməsi çərşənbə axşamı keçirilən iclasda Rusiya xeyrinə casusluqda ittiham olunan 14 xarici vətəndaşa hökm oxuyub. Onlara 1 il 1 aydan 6 ilə qədər həbs cəzası verilib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Polşa Mətbuat Agentliyi məlumat yayıb.
Polşa Daxili Təhlükəsizlik Agentliyinin məlumatına görə, bir qrup rus agenti noyabrda Seymə keçiriləcək seçkilər öncəsi dəmir yolu ilə yüklərin hərəkətini izləyib, təxribat hazırlayıb və NATO eləcə də Polşa hökumətinin siyasəti əleyhinə təbliğat aparıblar.
Hökmə əsasən, müttəhimlər teleqram vasitəsilə Federal Təhlükəsizlik Xidmətinin kuratorlarından tapşırıqlar alıblar. İddialara görə, onlar Ukraynaya hərbi yük daşıyan qatarı relsdən çıxarıblar. Kiyevə hərbi yardımın gətirildiyi Rzeşov, Qdansk və Qdinyadakı hava limanlarını, Ukrayna ilə sərhəddəki keçid məntəqəsini, Przemışldakı hərbi hissəni müşahidə ediblər.
Agentlər həmçinin NATO əleyhinə şüarlarla qraffiti çəkməkdə də ittiham olunublar.
Maraqlıdır ki, təqsirləndirilənlərdən 12-si 17-44 yaş arası olan Ukrayna vətəndaşı, ikisi Minskdən olan belarus, bir təqsirləndirilən şəxs 20 yaşlı rusiyalı xokkeyçidir.
Müttəhimlərdən bəziləri casusluqdan əlavə, mütəşəkkil cinayətkar dəstənin tərkibində fəaliyyət göstərməkdə ittiham olunublar.
Qeyd edilir ki, təqsirləndirilənlərin hamısı təqsirini etiraf edərək istintaqla sövdələşiblər. Daha iki nəfər əvvəlcə günahını etiraf etsə də, sonra razılaşmadan imtina edib, onlar ayrıca mühakimə olunacaqlar.
Məhkumlardan biri, 17 yaşlı Çerniqovlu yeniyetmə cinayəti törədən zaman azyaşlı olub. Hökm elan edilən zaman təqsirləndirilən şəxslər iştirak etməyiblər. Onların həbs müddəti fevrala qədər uzadılıb. Bəziləri cəzalarını Polşada çəkməyə icazə verilməsini istəyiblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB