Sibir sakinləri anomal şaxtalar səbəbindən işıqsız qalıb

Meteoroloqların məlumatına görə, anormal şaxtalar Rusiyanın 60 faizini əhatə edib. Ölkədə orta hesabla havanın temperaturu iqlim normasından 8 dərəcə və daha aşağıdır. Bu havanın səbəbi nəhəng antisiklon olub. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, şaxta elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Krasnoyarsk diyarında 40 dərəcə şaxtada bir neçə yaşayış məntəqəsi işıqsız qalıb. Artıq ikinci gündür ki, elektrik şəbəkələri bərpa olunub. Bununla belə, pozuntular davam edir.

İnsanlar soyuq evlərdə gecələmək məcburiyyətində qalırlar. Yerli media yazır ki, Kuznetsovo kəndində bir nəfər işləyən benzin generatorundakı dəm qazından zəhərlənərək ölüb. İnsanlar sosial şəbəkələrdə rayon qubernatoruna şikayətlər yazır.

İrkutsk vilayətində də elektrik enerjisinin verilməsində problemlər var. Bir gündən artıqdır ki, həddindən artıq yüklənmədən sıradan çıxan kabel xəttini təmir edirlər. Bir neçə kənddə işıq yoxdur. İrkutskın özündə problemlər var - bir neçə küçədə elektrik yoxdur. Şəhər meriyasından bildirilib ki, sakinlərin bütün müraciətlərinə operativ reaksiya verilir və energetiklərə ötürülür.

Tümen vilayətinin yaşayış məntəqələrinin sakinləri də uzun müddət işıqsız qalıb. 12 saatdan artıqdır ki, evlərdə işıq olmayıb. İndi səlahiyyətli orqanlar problemin aradan qaldırıldığını, qəza-bərpa dəstələrinin xüsusi rejimə keçirildiyini və gecə-gündüz işlədiyini bildiriblər.

Yeri gəlmişkən, bu həftəsonu Sibirin bir çox bölgəsində anomal soyuqluq qeydə alınıb, bir çox şəhərlərdə termometr -40 dərəcədən, Yakutiyada isə -60 dərəcədən aşağı düşüb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə