Martin Qriffits Qəzzadakı vəziyyəti qiymətləndirib

Martin Qriffits Qəzzadakı vəziyyəti qiymətləndirib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits Qəzza xalqının gedəcəyi təhlükəsiz yer olmadığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, Martin Griffits Qəzzada müvəqqəti atəşkəsin sona çatmasından sonra bəyanat yayıb.
Ötən həftənin “silahlar səssiz olduğu zaman” nələrin baş verə biləcəyini göstərdiyini qeyd edən Martin Qriffits "humanitar fasilə" dövründə əsirlərin azad edildiyini, ailələrin bir araya gəldiyini və Qəzzaya humanitar yardımların artdığını bildirib. O, Qəzza zolağına daxil olan yardımların hələ də ehtiyacları qarşılamaq üçün kifayət etmədiyini bildirib.
"Bu gün bir neçə saat ərzində çox sayda insan həlak olub və yaralanıb. Ailələrə yenidən əraziləri boşaltmaq tapşırılıb. Ümidlər puça çıxdı" deyən Martin Qriffits münaqişənin sona çatmasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.

İsrail oktyabrın 7-dən bu yana 310-dan çoxu əsgər olmaqla 1200-dən çox israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb. Qəzza zolağında baş verən qarşıdurmalarda 70 İsrail əsgəri də həlak olub.

Qəzzadakı hökumətin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 6150-dən çoxu uşaq və 4000-dən çoxu qadın olmaqla 15000-dən çox adam həlak olub.
Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 248 fələstinli həyatını itirib.

İsrail ordusu Qəzzada on minlərlə yaralı və mülki vətəndaşın sığındığı onlarla xəstəxananın şəhərciklərinə və əsas binalarına zərbələr endirib. İşğal zamanı bəzi xəstəxanalara basqın edib. Hücumlarda yüzlərlə insan ölüb, yaralanıb.

Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında sərhəddə baş verən qarşıdurmalarda 86 Hizbullah üzvü ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə