Rusiyalı general Vladimir Zavadski Ukraynada dünyasını dəyişib

Rusiyalı general-mayor Vladimir Zavadski Ukraynada dünyasını dəyişib. Bu barədə Ukrayna və Rusiya mətbuatı məlumat yayıb. Teleqram kanallarında bir gün əvvəl generalın ölümü ilə bağlı mesajlar yayılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunları RSFSR Ali Soveti adına Moskva Ali Hərbi Komandanlıq Məktəbinin məzunlarının Regionlararası ictimai təşkilatı “Kreml” təsdiqləyib.

Məlumatda Zavadskinin noyabrın 28-də vəfat etdiyi bildirilir.

Qeyd edək ki, bu, Ukraynadakı müharibədə həlak olması Rusiya mənbələri tərəfindən təsdiqlənən bu rütbəli yeddinci hərbçidir.

Onu da qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bu cür xəbərləri təsdiq və ya təkzib etmir.

Zavadskinin 14-cü Ordu Korpusunun komandir müavini olduğu iddia edilir. Əvvəllər o, Kantemirovskaya Mühafizə Tank Diviziyasına komandirlik edib.

Ukraynanın “Unian” agentliyi, həmçinin “VÇK-OGPU” teleqram kanalı və bir sıra rusiyalı hərbyönlü saytlar Zavadskinin mina partlaması nəticəsində öldüyünü iddia edirlər.

Bəzi mənbələr Rusiyanın Ukraynaya başladığı müharibədən bəri ümumilikdə 12 rus generalının həlak olduğu bildirirlər. Onlardan yeddisinin öldüyü təsdiqlənib. Zavadskidən əvvəl ölən son general Oleq Tsokov olub, onun Rusiyanın nəzarətində olan Berdyanskda 58-ci Ordunun komanda məntəqəsinə hücum zamanı öldürüldüyü deyilirdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə