Hüseyn Əmir Abdullahian Qəzza böhranını qiymətləndirib

Hüseyn Əmir Abdullahian Qəzza böhranını qiymətləndirib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, Amerika Birləşmiş Ştatları Qəzza böhranının yayılmasını istəmədiyini bildirsə də, İsrailə silah göndərərək müharibənin miqyasını artırır. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Hüseyn Əmir Abdullahiyan Əl-Cəzirə telekanalına verdiyi açıqlamada İsrailin Fələstin torpaqlarını işğal etməsinə görə yaranan problemləri və Qəzza böhranını qiymətləndirib.
Abdullahiyan qeyd edib ki, fələstinli qruplar ilə İsrail administrasiyası arasında əldə olunan müvəqqəti atəşkəs daimi atəşkəsə çevrilməlidir, əks halda region yeni şərtlərlə üzləşəcək. Sionist rejim və amerikalılar bu hərbi cinayətləri dayandırmamağın ağır nəticələri ilə üzləşməli olacaqlar.
Abdullahiyan Qəzzadakı vəziyyətlə bağlı vasitəçilər vasitəsilə ABŞ ilə əlaqə saxladıqlarını bildirib.
"Son 6 həftə ərzində ABŞ-dan diplomatik kanallar, xüsusən də ABŞ-ın İrandakı maraqlarını qoruyan Tehrandakı İsveçrə səfirliyi vasitəsilə mesajlar aldıq. Amerikalılar mesajlarında müharibənin əhatə dairəsini genişləndirmək niyyətində olmadıqlarını vurğulayırdılar'',-deyə İranın xarici işlər naziri vurğulayıb.

Nazir Abdullahiyan Vaşinqtonun mesajlarına cavab olaraq ABŞ-ın İsrailə silah göndərərək müharibənin miqyasını artırdığını və buna görə məsuliyyət daşıdığını bildirib.
Hüseyn Əmir Abdullahiyan bəzi vasitəçilər vasitəsilə ABŞ hökumətinin İsraili bu şəkildə dəstəkləməyə davam etməsinin Amerika siyasətçiləri və Ağ Evin maraqlarına uyğun olmadığı qənaətinə gəldiyi barədə məlumat aldıqlarını qeyd edib.

"Ümid edirik ki, bu məlumat doğrudur. Bu, ABŞ-ın sionist rejimi atəşkəsi davam etdirməyə və müharibəni tamamilə dayandırmağa məcbur etməsi ilə təsdiqlənməlidir",-deyə İranın xarici işlər naziri vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə