ABŞ Maliyyə Kəşfiyyatı və Terrorla Mübarizə üzrə Müşavir Brian Nelson Türkiyəni Rusiyaya və dünyanın bir sıra ölkələri tərəfindən terror qruplaşması kimi tanınan Fələstinin HƏMAS qruplaşmasına qarşı sanksiyaları dəstəkləməyə inandırmaq üçün Ankaraya səfər edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Bloomberg” mənbələrə istinadən yazıb.
Qeyd edək ki, ABŞ Fələstin qrupuna maliyyə xidmətləri göstərən, həmçinin Rusiya şirkətlərinə məhdudiyyətlərdən yayınmaqda köməklik göstərən türk şirkətlərini siyahıya salıb.
Yeri gəlmişkən, Türkiyə indiyə qədər Rusiyaya qarşı BMT-nin tətbiq etdiyi sanksiyalardan başqa heç bir sanksiyaları dəstəkləməyib.
Ankara ABŞ və Avropa İttifaqından fərqli olaraq HƏMAS-ı terror təşkilatı kimi tanımır.
Agentlik qeyd edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl cihadçıları Fələstin xalqının azadlığı uğrunda döyüşçülər adlandırıb, ona görə də Nelsonun Türkiyə hökuməti ilə danışıqlarının nəticəsinin nə olacağı hələ ki, bəlli deyil.
Xatırladaq ki, Ankara Vaşinqtonla münasibətləri yaxşılaşdırmağa və “F-16” qırıcılarının alınması üçün ABŞ prezidenti Cozef Baydenin dəstəyini almağa çalışır.
Onu da qeyd edək ki, “Bloomberg” Türkiyənin Qərbin narahatlığını azaltmaq üçün addımlar atdığını və bu ilin əvvəlində Avropa İttifaqı və ABŞ sanksiyalarına məruz qalan malların Rusiyaya tranzitini qadağan etdiyini bəyan edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB