Rusiya hökuməti regionlara büdcə yardımını kəskin şəkildə azaldır...

Rusiya hökuməti regionlara büdcə yardımını kəskin şəkildə azaldır...

...Qaydar İnstitutunun icmalında istinad edilən məlumatlara görə, 2023-cü ilin üçüncü rübündə Rusiya regionları federal büdcədən maliyyə yardımının kəskin azalması ilə üzləşib. Belə ki, iyul-sentyabr aylarının nəticələrinə əsasən, təsis subyektlərinin xəzinədarlığına köçürmələrin həcmi illik müqayisədə 23,2 faiz azalıb ki, bu da regional hökumətlərin bütün gəlir maddələri arasında rekord göstəricidir.

SİA-nın əldə etdiyi məlumata görə, regional büdcələrin hər altıncı rublunu təşkil edən bütün növ köçürmələr... demək olar ki, bıçaq altına düşüb, yəni kəsilib.

Belə ki, balans üzrə qrantlar 77,3 faiz, subsidiyalar 15 faiz, subvensiyalar 43,5 faiz, “sair büdcələrarası transfertlər” 47,5 faiz azalıb.

Qaydar İnstitutunun hesablamalarına görə, yalnız büdcə təhlükəsizliyini bərabərləşdirmək üçün subsidiyalar ötən ilki səviyyədə saxlanılıb.

Qeyd edək ki, Rusiyanın keçən il ilhaq etdiyi Ukraynanın dörd bölgəsi Moskvadan gələn iynələrdən kritik dərəcədə asılı olaraq qalır.

2023-cü ilin 9 ayının sonunda onların gəlirlərinin 82,5 faizi federal büdcədən ayrılan pullar hesabına formalaşıb.

İşğal olunmuş ərazilərin idarə edilməsinə həvalə edilmiş orqanlar öz vergi yığımları ilə xərclərin beşdə birini belə təmin edə bilmirdilər. Sahibkarlığın gəlir vergisi yerli büdcələrə daxilolmaların cəmi 2,9 faizini, fiziki şəxslərin gəlir vergisi isə 7,7 faizini təşkil edib.

...Federal xəzinədən getdikcə daha çox vəsait təhlükəsizlik qüvvələri və ordu tərəfindən “yeyildikcə” hökumət bölgələrə inyeksiyaları azaldır. 2023-cü ilin sonuna qədər “milli müdafiə” üçün büdcə xərcləri 6,8 trilyon rubl təşkil edə bilər ki, bu da müharibədən əvvəlki 2021-ci il səviyyəsindən iki dəfə çoxdur.

Xatırladaq ki, 2024-cü ildə hökumət müdafiə xərclərini daha 60 faiz artırmaq və görünməmiş 10,8 trilyon rubla çatdırmaq niyyətindədir. Orduya xərclərin büdcədəki payı (demək olar ki, 30 faiz) SSRİ dövründən bəri rekord olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə