75 faizi mənim, 25 faizi isə bizim...

Kadırovun qızı Qroznı taksisinin birbaşa təsisçisi oldu
75 faizi mənim, 25 faizi isə bizim...

...Çeçenistan rəhbəri Ramzan Kadırovun dördüncü qızı Tabarik yükdaşıma ilə məşğul olan "Qroznı Taksi" MMC-nin təsisçisi olub. Qeyd edilir ki, hazırda o, rəsmi olaraq 12 kommersiya şirkətinin sahibidir. Bu, hüquqi şəxslərin vahid dövlət reyestrindən çıxarışdan irəli gəlir.

SİA-nın əldə etdiyi məlumata görə, əvvəllər “Qroznı taksi” “İrs Group” MMC vasitəçi şirkəti vasitəsilə Tabarik Kadırovaya məxsus idi, lakin bu yaxınlarda təsis sənədlərinə düzəlişlər edilib.

Və indi nizamnamə kapitalının 75 faizi birbaşa Çeçenistan rəhbərinin qızına məxsusdur.

25 faizi isə ona məxsus olan “Irs Group”da qalıb. İndi gəl, baş aç... Deyəsən mən qanmadım axı...

Hə, burada rusiyalı komik aktyor Arkadi Raykinin səhnəciklərindən birində işlətdiyi belə bir fraza yadıma düşür: “polavine mne, polavine nam”, yəni yarısı mənim, yarısı da bizim.

Tabariklə isə bunu belə ifadə etmək olar: 75 faizi mənim, 25 faizi isə bizim...

Deməli, burada da Kadırovlar ailəsinin ənənəsinə sadiq qalan Tabarik, şirkətin direktorunu da dəyişib. Belə ki, indi taksi şirkətinə Kadırovların ata-baba kəndi Axmat-Yurtdan olan Rəsul Kutraşev “rəhbərlik edəcək”.

Yeri gəlmişkən, bu ilin avqustunda 19 yaşlı Təbarik Kadırovanın əvvəllər “Irs Group” şirkəti vasitəsilə sahibi olduğu “Bereket”, “Tiynalla”, “Minutka” və “Alpine Meadows” şirkətlərinin birbaşa təsisçisi olduğu da məlum olub.

Onu da bildirək ki, bu ilin may ayında Çeçenistanda Rusiyanın “Yandex” şirkətinin taksi tarifləri təxminən üç dəfə artıb. Çeçen müxalifət fəallarının fikrincə, buna Kadırovun adamlarının yerli taksi şirkətləri ilə rəqabət aparan şirkətlərə qarşı son “basqınları” səbəb olub. Hazırda Qroznıda bir neçə yerli taksi operatoru var və təbii ki, onların hmısı "Qroznı Taksi"nin kölgəsində qalıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə