Rusiyalı təbliğatçılardan bədbin etiraflar...

Rusiya televiziyalarında Ukraynadakı müharibə ilə bağlı həqiqi xəbərlər yayılır?
Rusiyalı təbliğatçılardan bədbin etiraflar...

...Ukraynada Rusiya ordusunun itki və məğlubiyyətləri o həddə çatıb ki, hətta Rusiyanın federal telekanallarında təbliğat aparan şəxslər də bu barədə açıq danışmağa başlayıblar.

SİA-nın əldə etdiyi məlumata görə, ukraynalı jurnalist və bloger Denis Kazanski özünün YouTube kanalında Rusiya KİV-lərinin bir neçə yayımını təhlil edib.

Məsələn, “Donetsk Xalq Respublikası” yaraqlılarının keçmiş lideri, indi isə Rusiya Federasiyası Dövlət Dumasının deputatı olan Aleksandr Boroday Birinci Kanalda Ukraynanın çox effektiv mübarizə apardığını və Rusiya ordusunun böyük itkilər verdiklərini etiraf edib.

Boroday könüllülər sayəsində Ukrayna Silahlı Qüvvələrinə daxil olan və Rusiya ordusuna çox ciddi ziyan vuran “FPV” pilotsuz təyyarələrindən də şikayətlənib.

Maraqlıdır ki, əvvəllər yalnız davamlı qələbələrdən, Rusiyanın demək olar ki, iki gün ərzində Ukraynanın öhdəsindən necə asanlıqla gələ biləcəyindən danışan təbliğatçılar, indi bir-birinin ardınca hər şeyin Rusiya üçün acınacaqlı olduğunu etiraf edirlər.

Bununla yanaşı, rusiyalı təbliğatçıların “Youtube” kanallarında vəziyyət daha acınacaqlıdır. Rus hərbi zabitləri artıq yaramaz faktlar dilə gətirməkdədirlər.

Bu arada Kazanski Rusiya hərbi komandiri Aleksey Jivovun iştirakı ilə Xerson vilayətində və Avdeevka yaxınlığındakı vəziyyətdən danışan verilişin fraqmentini dərc edib.

O, “...Rusiyanın həyata keçirdiyi bu hücumun artıq Rusiya üçün çox, çox yüksək qiymətə başa gəldiyini” etiraf edib.

Jivov bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin son dərəcə səmərəli və dəqiq istifadə etdiyi Ukrayna pilotsuz təyyarələri Rusiya ordusuna xüsusi ziyan vurur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə