Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden Çin lideri Si Cinpinlə görüşdən sonra Pekinlə əlaqə qurmağı gözləyir.
SİA-nın əldə etdiyi məlumata görə, Baydenin bu məsələ ilə bağlı bəyanatını “Reuters” agentliyi yayıb.
Beləliklə, Bayden qeyd edib ki, Si Cinpinlə sabah, noyabrın 15-də baş tutacaq danışıqların məqsədi iki dövlət arasında normal əlaqəni, o cümlədən hərbi əlaqələri bərpa etməkdir.
Amerika lideri əlavə edib ki, gərginlik dövründən sonra ABŞ-ın Çinlə münasibətlərini yaxşılığa doğru dəyişməyə çalışır.
Xatırladaq ki, noyabrın 15-də ABŞ prezidenti Cozef Bayden San-Fransiskoda Çin lideri Si Cinpinlə görüşəcək.
Görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutacaq.
“Reuters”in məlumatına görə, görüşdə liderlər Rusiyanın Ukraynaya müdaxiləsi, Şimali Koreyanın Rusiya ilə əlaqələri, süni intellektin inkişafı və s. məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, Ağ Ev onların bu görüşdən konkret nəticələr gözlədiyini də bildirib. Belə ki, Ağ Ev ÇXR ilə hərbi əlaqələrin bərpasında irəliləyiş görməyə ümid edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə