İndoneziya ABŞ-a Qəzza ilə bağlı çağırış etdi

İndoneziya ABŞ-a Qəzza ilə bağlı çağırış etdi

İndoneziya prezidenti Coko Vidodo ABŞ prezidenti Co Baydeni Qəzzada baş verən zülmün dayandırılması üçün daha çox şey etməyə çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, ABŞ-ın paytaxtı Vaşinqtonda bir araya gələn ABŞ prezidenti Cozef Bayden və İndoneziya prezidenti Coko Vidodo ikitərəfli görüşdən əvvəl jurnalistlərə açıqlamalar verib.
İki ölkə arasındakı münasibətlərə verdikləri əhəmiyyətə toxunan Bayden ikitərəfli əlaqələri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatdıracaqlarını bildirib.
Coko Vidodo iki ölkə arasındakı əlaqələrin əhəmiyyətini vurğulayaraq deyib: "İndoneziya ABŞ ilə tərəfdaşlığımızın regional və qlobal sülh və rifaha töhfə verəcəyinə ümid edir. Buna görə də İndoneziya ABŞ-ı Qəzzada yaşananları dayandırmaq üçün daha çox iş görməyə çağırır. Atəşkəs bəşəriyyət üçün zəruridir".
Cozef Bayden və Coko Vidodo ikitərəfli görüşdən sonra birgə bəyanat yayımlayıb. Bəyanatda İndoneziya-ABŞ münasibətlərinin “hərtərəfli strateji tərəfdaşlıq” səviyyəsinə yüksəldiyi vurğulanıb.
Bəyanatda bu tərəfdaşlıq çərçivəsində innovasiya, davamlı inkişaf, ictimai səhiyyə, rəqəmsal transformasiya və təmiz enerji kimi sahələrdə əməkdaşlıq ediləcəyi, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın da dərinləşdiriləcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə