Düzgün qərarmı, "şərikli sükut"mu?

Noyabrın 7-də keçirilən səsvermədə yardımın ləğvinin lehinə 200, əleyhinə 136 səs verilib ...
Düzgün qərarmı, "şərikli sükut"mu?

Fransa senatı sənədsiz immiqrantlar üçün dövlət tibbi yardımı – AME-nin ləğvini təsdiqlədi.

SİA-nın əldə etdiyi məlumata görə, noyabrın 7-də keçirilən səsvermədə yardımın ləğvinin lehinə 200, əleyhinə 136 səs verilib.

Sessiya zamanı senatorlar bunu “təcili tibbi yardım” adı ilə yeni sistemlə əvəz etmək qərarına gəliblər. Lakin bildirilir ki, bu qərar parlamentdə baxılarkən dəyişdirilə də bilər.

Fransanın səhiyyə peşələri naziri Anyes Firmen le Bodo (Agnès Firmin le Bodo) hökumətin AME-ni ictimai səhiyyə sistemi kimi qəbul etdiyini və bunun vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, 2000-ci ildə yaradılmış sənədsiz immiqrantlar üçün dövlət tibbi yardımı – AME sistemi Fransada ən azı üç ay qeydiyyatsız yaşayan əcnəbilərin tibbi xərclərinin tam əhatəsini əhatə edirdi. Yeni qanunla AME dəyişdirilərsə, bu sistemdən faydalanan minlərlə immiqrant zərər görəcək.

Nazir le Bodo həmçinin xəbərdarlıq edib ki, xəstəliklərin ciddi patologiyalara çevrilməmiş müalicəsinə imkan verən AME-nin ləğvi və onun “təcili tibbi yardım” adı ilə başqa formada tətbiqi səhiyyə sisteminə real risklər yaradır.

Sənədsiz immiqrantlar üçün dövlət tibbi yardımının bu şəkildə qaldırılmasının qəbul edilməsi bir sıra partiyalar tərəfindən sərt reaksiyalara səbəb olub. Senı-Sen-Denidən (Seine-Saint-Denis) sosialist senator Korin Narassiqen (Corinne Narassiguin) hökumətin bitərəf qalmasını "şərikli sükut" adlandırıb. Parisidən ətraf mühit üzrə senator Bernar Jomye (Bernard Jomier) bu qərarı "tibbi, mənəvi və iqtisadi səhv" sayıb. Səhiyyə naziri Orelyen Russo (Aurelien Rousseau) senatorların qərarını sərt şəkildə tənqid edərək buna "dərin səhv və xəta" deyib. Fransanın daxili işlər naziri Jerald Darmanin (Gerald Darmanin) isə AME-nin ləğvi ilə bağlı islahatı "qətiyyət və insanlığı birləşdirən yaxşı bir kompromis" hesab etdiyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə