Ermənilər bu tədbirə də qatılmayacaqlar...

Ermənilər bu tədbirə də qatılmayacaqlar...

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan MDB ölkələrindən olan həmkarları ilə noyabrın 8-də keçirilməsi planlaşdırılan görüş üçün Moskvaya gəlməyəcək.

SİA “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat katibi Tatevik Petrosyan bildirib. O, bu qərarının səbəbini açıqlamayıb.

Xatırladaq ki, oktyabrda Ermənistanın baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının sammitində iştirakdan imtina edib. Sonra Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti də imtinanın səbəbini açıqlamayıb və sammitə ev sahibliyi edən Qırğızıstanda Paşinyanın iştirak etməməsi “bir sıra hallarla” izah edilib.

MDB dövlət başçılarının görüşündən əvvəl Qırğızıstanda da MDB xarici işlər nazirlərinin sammiti keçirilib və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da bu görüşdən yayınmağa qərar verib. Belə ki, İrəvanı həmin tədbirdə onun müavini təmsil edib.

Belə görünür ki, ermənilər “yaman inciyiblər”. Ermənistan hakimiyyəti mütəmadi olaraq Rusiya və KTMT-ni (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) Dağlıq Qarabağdakı hərbi əməliyyatlar fonunda fəaliyyətsizliyə görə tənqid edib. Sentyabrın əvvəlində Ermənistan prezidenti Vaaqn Xaçaturyan respublikanın KTMT-dən daimi nümayəndəsini geri çağırıb, bundan sonra İrəvan ABŞ-la hərbi təlimlər keçirəcəyini bəyan edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə