Ukrayna SQ-nın Baş komandanının köməkçisi həlak olub

Ukrayna SQ-nın Baş komandanının köməkçisi həlak olub

Kiyev vilayətində qumbaranın partlaması nəticəsində Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı general Valeriy Zalujnının köməkçisi Gennadi Çastyakov həlak olub. SİA xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, faciə Kiyev vilayətinin Çayki kəndindəki yaşayış kompleksində baş verib. Partlayış barədə xəbər alan polis dərhal hadisə yerinə gəlib.

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı köməkçisi Gennadi Çastyakovun faciəli şəkildə öldüyünü təsdiqləyib.

“Ukrayna Silahlı Qüvvələri və şəxsən mənim üçün təsvirolunmaz ağrı və ağır itkidir”, - deyə Zalujnının məlumatında vurğulanıb.

Zalujnı bildirib ki, noyabrın 6-da, doğum günündə köməkçisi və yaxın dostu mayor Gennadi Çastyakov faciəvi şəkildə dünyasını dəyişib.

"Hədiyyələrin birində naməlum partlayıcı qurğu işə düşüb. Gennadinin həyat yoldaşı və dörd övladı qalıb. Ailəsinə dərin hüznlə başsağlığı verirəm", - deyə Baş komandan əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə