“Söhbət vicdanın və beynəlxalq qanunların pozulmasından gedir”

“Söhbət vicdanın və beynəlxalq qanunların pozulmasından gedir”

Çin İsrailin Qəzzaya hücumları nəticəsində mülki əhali arasında itkiləri "humanitar fəlakət" kimi qiymətləndirib və beynəlxalq ictimaiyyəti "faciəyə son qoymağa" çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin İsrailin Şifa xəstəxanası, Mağazi və Şati qaçqın düşərgələri və Birləşmiş Millətlər Təşkilatı (BMT) himayəsindəki Fakura məktəbinə etdiyi hücumlara dövlətinin münasibətini bildirib.

Oktyabrın 7-dən bu yana davam edən qarşıdurmaların əksəriyyətinin mülki vətəndaş olmaqla 11 mindən çox adamın ölümünə səbəb olduğuna diqqət çəkən Vanq deyib: “Son günlər başda Fələstin tərəfində mülki itkilər artmaqdadır. Hazırda Qəzza humanitar fəlakət yaşayır. Söhbət vicdan və beynəlxalq münasibətləri tənzimləyən əsas normaların pozulmasından gedir. Beynəlxalq ictimaiyyət belə faciənin davam etməsinə imkan verməməlidir.

Çin mülki şəxslərə və obyektlərə zərər verən və beynəlxalq humanitar hüququ pozan bütün hərəkətlərə qarşıdır və onları qınayır.

Biz bütün müvafiq tərəfləri sakit və təmkinlə hərəkət etməyə, müharibəni dərhal dayandırmağa, humanitar yardım dəhlizlərini açmağa və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün mümkün olan ən böyük səyləri göstərərək daha böyük fəlakətlərin qarşısını almağa çağırırıq.

Çin Fələstin məsələsinin BMT qətnamələrinə uyğun olaraq iki dövlətli həllini müdafiə edir.

1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Qüds olan, tam müstəqillik və suverenliyə malik Fələstin dövləti qurulmalıdır.

Biz müvafiq tərəfləri və beynəlxalq ictimaiyyəti bu istiqamətdə birgə fəaliyyətə dəvət edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə