Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamalar verdi

Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamalar verdi

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Qazaxıstanın paytaxtı Astanada keçirilən X sammitindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamalar verib.
SİA-nın əldə etdiyi məlumata görə, oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumlarına toxunan Ərdoğan İsrail Baş naziri Binyamin Netanyahunun yaşananlara görə məsuliyyət daşıdığını və hazırda İsraildə Netanyahuya qarşı çıxışların başladığını deyib.
Türkiye Prezidenti deyib: "Sizin etdiklərinizin İncil və ya Tövratla heç bir əlaqəsi yoxdur. Etdiklərinizi nə İncil, nə Tövrat, nə də Zəbur qəbul edər. İsrail xalqı Netanyahunun etdiklərinə reaksiya verir''.
İslam Əməkdaşlıq Təşkilatının bu ay Ər-Riyadda keçiriləcək Zirvə Toplantısına önəm verdiyini ifadə edən prezident Qəzza zolağında atəşkəsə nail olmaq üçün çalışacaqlarını bildirib.

Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının İsrail tərəfi, Fələstin və ''Həmas'' ilə görüşdüyünü açıqlayan Rəcəb Tayyib Ərdoğan deyib:
"Netanyahu artıq danışıqlar apara biləcəyimiz biri deyil. Onu sildik, atdıq. İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində keçirəcəyimiz görüşlərdə bu məsələ ilə bağlı qərar verəcəyəm".

Bölgəyə sülh və əmin-amanlıq gətirəcək formulları dəstəkləyəcəklərini vurğulayan Türkiyə Prezidenti fələstinlilərin həyatını məhv edəcək, onları tarix səhnəsindən siləcək planların tərəfdarı olmayacaqlarının da vurğuladı.

Ərdoğan daha əvvəl göz yumduqları qırğınları xatırlayanda boyun əyən Qərb dövlətlərinin Qəzza qətliamına münasibətləri qarşısında utanacaqlarını qeyd edib. Prezident bildirib ki, dünya artıq fələstinli uşaqların səslərini eşitməlidir.

"O günahsızlara yardım əlimizi uzatmaq bizim borcumuzdur. Bu bizim insanlıq borcumuzdur",-deyə Türkiyə Prezidenti vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə