Riyad Mənsur: "Qəzzada 3 min uşaq öldü"

Riyad Mənsur: "Qəzzada 3 min uşaq öldü"

Fələstinin BMT-dəki Daimi Nümayəndəsi Riyad Mənsur İsrailin Qəzzaya qarşı hücumlarında indiyədək 3 min uşaq və 1700 qadının öldürüldüyünü bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Riyad Mənsur BMT Baş Assambleyasında "İsrailin işğalı altındakı Fələstin ərazilərindəki qeyri-qanuni fəaliyyətləri" ilə bağlı keçirilən Xüsusi Fövqəladə Sessiyada çıxış edib.

İsrailin blokada altındakı Qəzza zolağına hücumlarının "vəhşilik və barbarca olduğunu və bu cinayətə son qoymasının vacibliyini dilə gətirən Mənsur "İsrailin Qəzzaya hücumlarında indiyə qədər 3 min uşaq, 1700 qadın həyatını itirdi. Dağntılar altında 900-ü uşaq
1600-ə yaxın fələstinli var və onların taleyi naməlum olaraq qalır" deyib.

Riyad Mənsur Qəzzada çalışan BMT personalı və həkimlərin çətin şərtlərdə olduqlarını bildirərək, "Qəzzada xəstəxanalar ölülərin saxlandığı soyuducuya çevrilib. Qəzzada hər yerdə ölüm və dağıntı var, heç bir yer təhlükəsiz deyil. İbadətxanalar UNRWA (Fələstinli Qaçqınlar üçün Birləşmiş Millətlər Təşkilatı Qaçqınlara Yardım Təşkilatı) məktəbləri İsrailin bombardmanından sağ çıxa bilmədi" deyib.

Qəzzada 18 min adamın yaralandığını, əksəriyyətinin xəstəxana koridorlarında müalicə aldığını bildirən Mənsur İsrailin Qəzzada evlərin 40 faizini dağıtdığını, 1 milyon 400 min fələstinlinin isə didərgin düşdüyünü bildirib.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.
Artan gərginlikdə hər iki tərəfdən minlərlə itki, minlərlə yaralı var.

Bütün xəbərlər Facebook səhifəmizdə