Peskov İsrail-Fələstin münaqişəsinə münasibət bildirib

Peskov İsrail-Fələstin münaqişəsinə münasibət bildirib

Rusiya İsrail-Fələstin münaqişəsi ilə bağlı tezliklə atəşkəs əldə olunmasının və fələstinlilər üçün müstəqil dövlət qurulmasının vacibliyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Peskov qeyd edib ki, "Həmas" bütün girovları təcili azad etməlidir:

"Bu, bizim qəti mövqeyimizdir. Təbii ki, biz "Həmas"ı bütün girovların azad edilməsini təmin etməyə çağırırıq".

Peskov "Həmas"ın əlində olan Rusiya vətəndaşlarının azad edilməsi ilə bağlı “münaqişədə iştirak edən bütün tərəflərlə” əlaqə saxlamaq üçün bütün imkanlardan istifadə etdiklərini və bu səylərin davam etdiriləcəyini vurğulayıb.

Peskov "Həmas"ın əlində neçə Rusiya vətəndaşının girovu olması ilə bağlı suala belə cavab verib: “Burada təxmini hesablamalar vermək düzgün deyil, dəqiq rəqəm deyə bilmərəm”.

Peskov İsrail tərəfi ilə kifayət qədər müntəzəm görüşdüklərini və intensiv dialoq apardıqlarını bildirərək deyib:

"Rusiya tərəfinin mövqeyi kifayət qədər ardıcıldır. Bunu (Rusiya prezidenti Vladimir) Putin dəfələrlə ifadə edib. Biz terrorun bütün təzahürlərini pisləyir və həlak olanların yaxınlarına və yoldaşlarına başsağlığı veririk. Yaxın zamanda atəşkəsin olmasını və problemin həllini istəyirik, bunun əsasında isə fələstinlilərə müstəqil bir dövlətin təmin edilməsinin zəruri olduğuna inanırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə