Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin hücumlarına məruz qalan Qəzza zolağında daha iki əməkdaşının həlak olduğunu, oktyabrın 7-dən bu yana həyatını itirən işçilərin sayının 16-ya yüksəldiyini açıqlayıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, BMT-nin Yaxın Şərq Agentliyi (UNRWA) Qəzza zolağındakı vəziyyətlə bağlı bəyanat verib.
Bəyanatda bölgədə daha 2 UNRWA əməkdaşının öldürüldüyü, 7 oktyabrdan bəri İsrailin hücumlarına məruz qalan Qəzza zolağında həyatını itirən BMT əməkdaşlarının sayının 16-ya yüksəldiyi bildirilib.
Bəyanatda həmçinin Qəzzada yanacaq, qida, su və dərmana ehtiyac olduğu qeyd edilib və bölgəyə davamlı və maneəsiz humanitar yardımların çatdırılmasının vacibliyi vurğulanıb.
Bəyanatda beynəlxalq humanitar hüquqa riayət edilməsi və mülki şəxslərin, mülki infrastrukturun və BMT obyektlərinin qorunması ilə bağlı edilən çağırış təkrarlanıb.
Xatırladaq ki, ''Həmas''ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb. Silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.
İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
İsrailin hücumları nəticəsində 4 mindən çox fələstinli ölüb, 12 mindən çox fələstinli yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB