Misir və ABŞ prezidentləri arasında telefon danışığı olub

Bu barədə Misir Prezident Aparatının rəsmi ''Facebook'' səhifəsində verilən bəyanatda bildirilib.
Misir və ABŞ prezidentləri arasında telefon danışığı olub

Misir prezidenti Əbdülfəttah əs-Sisi və Amerika Birləşmiş Ştatları prezidenti Co Bayden arasında telefon danışığı olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Misir Prezident Aparatının rəsmi ''Facebook'' səhifəsində verilən bəyanatda bildirilib.
Məlumata görə, tərəflər söhbət zamanı Qəzzaya humanitar yardımın çatdırılmasının və bölgədəki mülki əhalinin qorunmasının vacibliyini vurğulayıblar.
Liderlər münaqişənin daha geniş əraziyə yayılmaması və regional təhlükəsizlik və sabitliyi təhdid etməməsi üçün vəziyyətin nəzarət altına alınmasının əhəmiyyətini qeyd ediblər.
Misir prezidenti Əbdülfəttah əs-Sisi oktyabrın 15-də Qahirədə ABŞ dövlət katibi Entoni Blinkenlə keçirdiyi görüşdə deyib:“İsrailin cavabı özünümüdafiədən kənara çıxdı və kollektiv cəzaya çevrildi”.
Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb. Silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.
İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən hər iki tərəf də çox sayda itki verib.

Bütün xəbərlər Facebook səhifəmizdə