Misirdəki yardımlar sərhəd-keçid məntəqəsinə göndərilib

Misirdəki yardım maşınları İsrailin blokadası altında olan Qəzzaya çatdırılmaq üçün Rəfah sərhəd-keçid məntəqəsinə göndərilməyə başlanıb.
Misirdəki yardımlar sərhəd-keçid məntəqəsinə göndərilib

Misirin xarici işlər naziri Samih Şükri humanitar yardımların Rəfah sərhəd-keçid məntəqəsində gözlədiyini, lakin İsrailin Qəzza tərəfinə keçidi asanlaşdırmadığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Şükri paytaxt Qahirədə Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə görüşüb.

İkili görüşdən sonra birgə mətbuat konfransı keçirilib.

Şükri bildirib ki, ölkəsi Fələstin məsələsinin aradan qaldırılması cəhdini rədd edir:

“Misirin Qəzza zolağında gərginliyə nəzarət etmək səyləri davam edir”.

Misirli nazir Qəzza zolağına yardımın çatdırılması üçün səylərin davam etdiyini və yardımın bölgəyə çatdırılmaq üçün hazır vəziyyətdə gözlədildiyini bildirib.

Fransa naziri Kolonna da Qəzzada vəziyyətin təhlükəli həddə çatdığını və bütün regionun təhlükəsizliyini təhdid etməyə başladığını bildirib.

Kolonna ölkəsinin Qəzzaya humanitar yardım təşkilatlarına 10 milyon avro ayırdığını bildirib:

“İsrailin Qəzza zolağını mühasirəyə alması beynəlxalq hüququn pozulmasıdır. Qəzzada mülki şəxslər qorunmalı və onların əsas ehtiyacları ödənilməlidir”.

Qeyd edək ki, Misirdəki yardım maşınları İsrailin blokadası altında olan Qəzzaya çatdırılmaq üçün Rəfah sərhəd-keçid məntəqəsinə göndərilməyə başlanıb.

Misir Qızıl Aypara Cəmiyyətinin Şimali Sinay direktoru Xalid Zayed İsrailin bombardmanları altında olan Qəzza zolağına daxil olmaq üçün hazırlıqlar çərçivəsində Ariş şəhərindən Rəfah sərhəd-keçid məntəqəsinə yardım maşınlarının göndərilməyə başladığını açıqlayıb.

Yük maşınlarında qida və tibbi ləvazimatların olduğunu bildirən Zayed yardımın Rəfahdan Qəzzəyə nə vaxt keçməsinə icazə veriləcəyinin dəqiq bilinmədiyini, lakin Misir rəsmilərinin yük maşınlarının keçidə doğru sürətlə hərəkətə başlamasını tələb etdiyini vurğulayıb.

Qeyd edək ki, Misir Qızıl Aypara Cəmiyyəti "Facebook" sosial şəbəkəsindəki paylaşımlarında Misirdən gələn quru yardım karvanları, həmçinin Türkiye, İordaniya və Birləşmiş Ərəb Əmirliklərindən gələn təyyarələrlə tonlarla yardım materialının Əl-Ariş Beynəlxalq Hava Limanına çatdırıldığını açıqlayıb.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.
Artan gərginlikdə hər iki tərəfdən yüzlərlə itki, minlərlə yaralı var.

Bütün xəbərlər Facebook səhifəmizdə