Ramzandan çeçenlərə “əntiqə” bir çağırış...

Kadırov Çeçenistan sakinlərini oğullarını müharibəyə göndərməyə çağırıb. O, bunu "sınaq" adlandırdı
Ramzandan çeçenlərə “əntiqə” bir çağırış...

Çeçenistan rəhbəri Ramzan Kadırov respublika sakinlərini oğullarını “sınamaq” və “müharibənin nə olduğunu onlara göstərmək” üçün onları müharibəyə göndərməyə çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, regionun hakimiyyət orqanları mütəmadi olaraq yeni “könüllü” dəstələrin göndərilməsi ilə bağlı videolar dərc edir.

Qeyd edək ki, ötən il Kadırov region əhalisinin dörddə birinin Ukraynaya göndərilməsini istəyib.

Eyni zamanda, “SK SOS” böhran qrupunun hüquq müdafiəçiləri respublika sakinlərinin müharibəyə məcburi deportasiya halları barədə dəfələrlə məlumat veriblər.

Onu da qeyd edək ki, Kadırov açıqlamasında döyüşmək istəməyənləri “azğın adamlar”, “zəif adamlar” və “etibarsız insanlar” adlandırıb.

Yeri gəlmişkən, Rusiyada səfərbərlik elan edildikdən sonra region hakimiyyətlər müharibədən kənarda qalanların əleyhdarları kimi çıxış etməyə başlayıblar.

Təbii ki, Ramzan Kadırov bu sahədə öndə gedənlərdəndir.

Xatırladaq ki, keçən ilin payızında Kadırov çağırış vərəqəsinin əhalinin çağırışdan yayınmağa çalışan hissəsinə göndərilməsini əmr etmişdi.

Bundan sonra bir müddət əvvəl xarici pasport almaq üçün müraciət etmiş və ya qeydiyyat ünvanını dəyişməyə cəhd edən şəxslər hərbi təlimlərə göndəriliblər.

Və sentyabrın 21-də Qroznıda xeyli qadın səfərbərliyə qarşı etiraz aksiyası keçirməyə cəhd edərkən onların hamısı saxlanılıb. Deyim ki, qadınların etiraz aksiyası Ramzanı yaman qəzəbləndirib və o, həbs edilən bütün qadınların əli silah tutan bütün əsabələrini səfərbərliyə almaq barədə göstəriş verib.
Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə