Fələstin XİN: ''İsrail Qəzzadakı xalqımıza qarşı soyqırım törədir''

Fələstin XİN: ''İsrail Qəzzadakı xalqımıza qarşı soyqırım törədir''

Fələstin rəhbərliyi İsraili mühasirə altındakı Qəzza zolağında yaşayan fələstinlilərə qarşı soyqırım törətməkdə ittiham edib.
Fələstin Xarici İşlər Nazirliyi verdiyi açıqlamada İsrailin Qəzza zolağını bombalamasını şiddətlə pisləyib.
İsrailin hücumlarda fosfor və kaset bombalarından da istifadə etdiyinə diqqət çəkən açıqlamada deyilir: "İsrail Qəzzada xalqımıza qarşı beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadə edərək soyqırım cinayəti törədir".
SİA-nın əldə etdiyi məlumata görə, Qəzzada indiyə qədər hər şeyin bombalandığı və yüzlərlə insanın həyatını itirdiyi bildirilən açıqlamada həmçinin bu ifadələrə yer verilib: "İsrailin Qəzza zolağındakı fələstinlilərə qarşı törətdiyi cinayətlər soyqırım mənasına gəlir''.
İşğal altındakı Şərqi Qüds və İordan çayının qərb sahilinin müxtəlif bölgələrində fələstinlilərə qarşı təşkil edilən hücumların da pisləndiyi açıqlamada İsrailin bəzi ölkələrdən aldığı dəstəklə vəhşi cinayətlər törətdiyi bildirilib.
Fələstin Xarici İşlər Nazirliyi İsrailin bölgədə sülh əvəzinə müharibə mədəniyyətini tətbiq etməyə çalışdığını açıqlayaraq Təl-Əvivin də Fələstin xalqının mövcudluğunu inkar etmək üçün bu müharibədən istifadə etdiyinə diqqət çəkib.
Açıqlamada beynəlxalq tərəflərin İsrailin Fələstin xalqına qarşı bəşəriyyətə qarşı cinayət sayılan hücumlarına biganə qaldığı vurğulanıb. Açıqlamada həmçinin İsrailin Qəzza zolağına təşkil etdiyi hücumların dayandırılması ilə əlaqədar beynəlxalq ictimaiyyətə çağırış edilib.
Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları şənbə günü İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb. Silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.
İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən hər iki tərəf də çox sayda itki verib.

Bütün xəbərlər Facebook səhifəmizdə