Bu il 800 mindən çox insan Avropa İttifaqından sığınacaq istəyib

Bu il 800 mindən çox insan Avropa İttifaqından sığınacaq istəyib

Almaniyanın “Die Welt” nəşri Avropa İttifaqının qaçqınlarla iş üzrə agentliyinin hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin ilk doqquz ayında 800 mindən çox insan Avropa İttifaqından sığınacaq istəyib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu, 2016-cı ildən bəri ən yüksək göstəricidir.

Hesabatda deyilir ki, bu il Avropada bir milyondan çox sığınacaq müraciəti gözlənilir. 2023-cü ilin yanvar-sentyabr ayları ərzində artıq 801 459 nəfər Avropa İttifaqı ölkələrindən, həmçinin Norveç və İsveçrədən sığınacaq üçün müraciət edib.

“Die Welt” yazır ki, əvvəllər sığınacaq üçün 1,23 milyon müraciət daxil olan 2016-cı ildə də analoji sayda müraciət qeydə alınıb.

Hesabata görə, sığınacaq üçün müraciətlərdə ən çox artım Latviyada (168 faiz) və Estoniyada (119 faiz) baş verib ki, bu da Ukraynadakı müharibə ilə əlaqədar Belarusdan qeyri-qanuni miqrasiyanın artması ilə izah olunur.

Qeyd edək ki, 2022-ci ildə Belarus vətəndaşları Avropa İttifaqı ölkələrindən sığınacaq almaq üçün 5051 müraciət edib. Baxılan ərizələrin ümumi sayından 3501 ərizə təmin edilib, ərizəçilərə əlavə müdafiə təmin edilib, 423 belarus isə qaçqın statusu alıb. Yalnız 512 ərizəçiyə sığınacaq verilməsindən imtina edilib.

Onu da qeyd edək ki, bu arada Almaniyada sığınacaq üçün müraciətlərin sayı 2022-ci illə müqayisədə 74 faiz artıb. Ən çox Suriya (27 faiz), Əfqanıstan (17 faiz) və Türkiyə (16 faiz) vətəndaşları tərəfindən müraciət edilib.

Maraqlıdır ki, Avropa İttifaqı qaçqınlarla iş üzrə agentliyinin ekspertləri Danimarka, Maltada, və Kiprdə sığınacaq üçün müraciətlərin sayında azalma qeydə alıblar. Bundan əlavə, 2023-cü ilin doqquz ayında sığınacaq üçün ən az müraciət Macarıstanda edilib.

Yeri gəlmişkən, 2023-cü ilin əvvəlindən üç ay ərzində 2381 rusiyalı Almaniyadan sığınacaq üçün müraciət edib. O da maraqlıdır ki, Rusiyadan sığınacaq üçün müraciət edən kişilərin nisbəti xeyli yüksəlib.

...May ayında Almaniya səlahiyyətliləri səfərbərlikdən qaçan rusların təqdim etdiyi 2500-ə yaxın sığınacaq ərizəsindən 55-ni təsdiqləyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə