"Bu hücumdan yalnız İsrail deyil, Fələstin xalqı da əziyyət çəkir" - POLİTOLOQ ŞƏRH ETDİ
“Oktyabr ayının 7-dən başlayaraq HƏMAS terrorçu qruplaşmasının İsrailin dinc sakinlərinə qarşı terroru başladılıb. Çox təəssüf ki, artıq yüzlərlə dinc sakinin öldürülməsi ilə bağlı məlumatlar yayılmaqdadır və buna qarşı İsrail dövləti müharibə vəziyyəti elan edərək, qətiyyətli əks həmlələrin edildiyini bəyan edib. İsrail rəhbərliyi həm Baş Nazir, həm də prezident səviyyəsində terrora ən qətiyyətli şəkildə cavab veriləcəyini bəyan edib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, İsrail tərəfindən son 50 ildə ilk dəfə müharibə vəziyyətinin elan olunması göstərir ki, qarşı tərəf ən son terrorçu məhv edilənə qədər bu proses davam edəcək: “XXI əsrdə nəhayət ki, mübarizə alətinə çevrilən terrorizmin kökü birdəfəlik kəsilməlidir. Azərbaycan dövləti ilk anlardan İsrailə dəstəyini nümayiş etdirib. Bu təbii ki, təsadüfi deyil. Çünki uzun onilliklər ərzində işğalçılıqla, sepratizm, terrorçuluq və soyqırımla üz-üzə qalan Azərbaycan xalqı İsrail xalqının düşdüyü vəziyyəti dərindən hiss edir. Terrorla mübarizə aparan bir xalq olaraq İsrail dövlətinin mübarizəsinə dəstəyimiz müzakirəsiz və daimidir.
Burada həm də İsrail xalqının Azərbaycanın erməni terroruna qarşı mübarizəsində verdiyi dəstək də mühüm rol oynayır. Çünki Azərbaycanın Vətən müharibəsi və ondan keçən müddət ərzində terrorçuluğa, Ermənistan işğalına və separatizmin kökünün əbədi olaraq kəsilməsi istiqamətində başlatdığı mübarizəyə İsrail dövləti və xalqı açıq dəstəyini nümayiş etdirib. Bu mənada hesab edirəm ki, Azərbaycan xalqının və dövlətinin İsrail xalqına mövqeyi həm də bir vəfa borcudur.
Hesab edirəm ki, Həmas və onlara dəstək verən birləşmələr ən ağır şəkildə cəzalarını alana qədər İsrail dövləti bu mübarizəsini davam etdirəcək. Amma təbii ki, bu hücumdan yalnız İsrail deyil, həm də Fələstin xalqının əziyyət çəkdiyini bilirik. Çünki HƏMAS kimi terrorçu qrupların hədəfində təkcə İsrail xalqı deyil, həm də dinc Fələstin sakinləridir. Buna görə də hesab edirəm ki, İsrail-Fələstin münasibətləri terrorçulara qarşı mübarizə prizmasında qurulmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB