Ramzan oğlunu “Çeçenistan Respublikasının Qəhrəmanı” edib

Ramzan oğlunu “Çeçenistan Respublikasının Qəhrəmanı” edib

Çeçenistan rəhbəri Ramzan Kadırovun 15 yaşlı oğlu Adam Kadırov Çeçenistan Respublikasının Qəhrəmanı adına layiq görülüb. Bu barədə Kadırovlara yaxın olan Dövlət Dumasının deputatı Adam Delimxanov teleqramda məlumat verib.

Delimxanov Adam Kadırovu “fövqəladə səriştəli, hərtərəfli təhsilli və məqsədyönlü gəncin nümunəsi” adlandırıb və onun qarışıq döyüş növləri üzrə idman uğurlarını qeyd edib.

SİA xatırladır ki, bundan əvvəl mediada və sosial şəbəkələrdə şiddətli reaksiyaya səbəb Adam Kadırovun Qroznı istintaq təcridxanasında müsəlmanların müqəddəs kitabı olan Quranı yandırmaqda ittiham olunan müttəhim Nikita Juraveli döyməsi videosu olub. Sentyabrın 25-də Ramzan Kadırov oğlunun hərəkəti ilə fəxr etdiyini bildirib.

Xatırladaq ki, “Çeçenistan Respublikasının Qəhrəmanı” Çeçenistanın ən yüksək mükafatıdır. Onun təltif edilməsi haqqında sərəncamları respublika rəhbəri imzalayır. Belə ki, Ramzan Kadırov özü azyaşlı oğluna qəhrəmanlıq adı verib. Onu da xatırladaq ki, Çeçenistan Qəhrəmanı adının ilk sahibi Ramzan Kadırovun özü olub və o, özünün təltif edilməsi haqqında fərman imzalayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə