“Bu Rusiyanın qeyri-qanuni, cinayətkar və çirkin qərarıdır...”

Gürcüstan Prezidenti: Abxaziyada Rusiya Hərbi Dəniz Qüvvələri bazasının açılması Rusiyanın qeyri-qanuni qərarıdır
“Bu Rusiyanın qeyri-qanuni, cinayətkar və çirkin qərarıdır...”

Gürcüstan prezidenti Salome Zurabişvili, Oçamçirada (Abxaziyada şəhər-A.B.) Rusiya hərbi-dəniz bazasının açılmasını “Qara dənizin təhlükəsizliyi, gələcək Anakliya limanı və Gürcüstanın Avropa marşrutu üçün böyük bir mina” olduğunu bildirib.

“...Suveren Gürcüstan ərazisində, Oçamçirada daha bir hərbi və ilk hərbi-dəniz bazasının açılması Rusiyanın qeyri-qanuni, cinayətkar və çirkin qərarıdır. Bu təxribat təkcə Gürcüstanı deyil, bütün regionu təhdid edir. Rusiya bu addımı ilə Qara dəniz bölgəsində öz təsirini gücləndirməyə və bölgəyə hakim olmağa çalışır. Mən Gürcüstanın tərəfdaşlarını və beynəlxalq ictimaiyyəti buna dərhal reaksiya verməyə çağırıram”.

SOVA xəbər verir ki, bunu Gürcüstan prezidenti bildirib.

Bu arada Rusiyanın “İzvestiya” nəşrinə müsahibəsində özünü elan etmiş Abxaziya respublikasının prezidenti Aslan Bjaniya, Oçamçirada Rusiya Hərbi Dəniz Qüvvələri üçün yeni daimi baza yaranacağını, Rusiya ilə Abxaziya arasında müvafiq sazişın artıq imzalandığını bildirib.

Gürcüstan Xarici İşlər Nazirliyi hesab edir ki, “bu cür hərəkətlər Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə