İsveçrə Ukraynaya 100 milyon frank ayıracaq

Minalardan təmizlənməsi üçün...

İsveçrə hökuməti cümə günü minalardan təmizləmə üçün Ukraynaya 100 milyon frank (109 milyon dollar) ayrılmasını təsdiqləyib. Proqram dörd il üçün nəzərdə tutulub: 2024-cü ildən 2027-ci ilə qədər. Söhbət humanitar minatəmizləmədən gedir.

SİA-nın əldə etdiyi məlumata görə, minatəmizləmə işləri döyüş meydanında deyil, yaşayış və kənd təsərrüfatı ərazilərində aparılacaq.

Xatırladaq ki, İsveçrə artıq bu məsələdə Ukraynaya yardım edib. Belə ki, 2022-2023-cü illərdə müharibə edən ölkəyə 15,2 milyon frank göndərməklə yanaşı, mina təmizləmə maşınları da verdi.

Qeyd edək ki, yeni yardım paketi lazımi avadanlıqların Kiyevə köçürülməsinə və ukraynalı istehkamçıların hazırlanmasına imkan verəcək.

İsveçrə hakimiyyətinin bəyanatında vurğulanır ki, kənd təsərrüfatı torpaqlarının minalardan təmizlənməsi təkcə Ukrayna üçün deyil, həm də əsasən Ukraynanın kənd təsərrüfatı məhsullarından asılı olan bütün dünyanın rifahı üçün əsas əhəmiyyət kəsb edir.

Deyilənlərə görə, Ukrayna hazırda dünyanın ən çox minalanmış ölkələrindən biridir (...bəs Azərbaycan?-A.B.) Belə ki, ölkə ərazisinin təxminən üçdə birinə - 174 min kvadrat kilometrə mina və partlamamış hərbi sursatları təmizləmək üçün istehkamçı iş lazımdır. Mütəxəssislərin fikrincə, bu cür işlər onilliklər olmasa da, illərlə çəkəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə