Kreml Ermənistanın bu qərarını “son dərəcə düşmənçilik” adlandırıb

Kreml Ermənistanın bu qərarını “son dərəcə düşmənçilik” adlandırıb

Ermənistan parlament komissiyasının Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinin ratifikasiya layihəsini qəbul etmək qərarı Rusiyaya qarşı son dərəcə düşmənçilikdir.

SİA “Kommersant”-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuata danışarkən deyib.

“...Bu, xoş qarşıladığımız bir şey deyil. Amma Ermənistan suveren dövlətdir”, - deyən Peskov, belə qərarların ikitərəfli münasibətlərə mənfi təsir etməyəcəyinə ümid etdiyini də bildirib.

Bununla belə, Peskov bu qərarların onlar üçün üçün “son dərəcə düşmən” olduğunu da gizlətməyib və əlavə edib ki, Ermənistanın “Rusiyanın narahatlığını aradan qaldırmaq” üçün ikitərəfli saziş bağlamaq təklifinin “təfərrüatları yoxdur”.

Peskov həmçinin prezident Vladimir Putinin yaxın vaxtlarda Ermənistana səfər etməyi planlaşdırmadığını da diqqətə çatdırıb.

Xatırladaq ki, bu gün, sentyabrın 28-də Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin ratifikasiyası haqqında qanun layihəsi Ermənistan parlamentinin dövlət-hüquq məsələləri üzrə komissiyası tərəfindən qəbul edilərək parlamentin təsdiqinə göndərilib.

Onu da xatırladaq ki, Ermənistan 1999-cu ildə Roma Statutunu imzalasa da, onu ratifikasiya etməmişdi. Bu ölkə Qarabağ böhranına görə münasibətləri çətinləşən Azərbaycanı guya məhkəməyə vermək üçün indi bunu edəcək. İrəvan da Moskvanı Roma statutuna dair xüsusi saziş imzalamağa dəvət edib.

Yeri gəlmişkən Beynəlxalq Cinayət Məhkəməsinin məhkəməyə qədərki palatası bu ilin martında Rusiya prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. Roma Statutunu ratifikasiya etmiş bütün ölkələrdən əmri icra etmək tələb olunur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə