ABŞ-ın Texas ştatında, Meksika ilə sərhəddə yerləşən Rio-Qrande şəhəri yaxınlığında iki aylıq körpə tərk edilmiş halda tapılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ polisi Qloriya Çaves sosial media hesabındakı paylaşımında bildirib ki, patrul əməkdaşları Texas ştatının Rio Qrande şəhəri yaxınlığındakı sərhəd bölgəsində tərk edilmiş 2 aylıq uşaq tapıblar. “Bu, uşaqların hər gün insan alverçiləri və cinayətkar təşkilatlar tərəfindən necə istismar edildiyinə dair dəhşətli bir xatırlatmadır”, deyə Çaves öz postunda bildirib.
Körpənin fotosunu paylaşan Çaves sağlamlıq yoxlanılmasından keçdiyini bildirib. Digər tərəfdən, bu yaxınlarda Texas İctimai Təhlükəsizlik Departamentinin əməkdaşları Rio Qrandedə 3 yaşlı bir uşağın cansız cəsədini tapıblar. Ailəsi ABŞ-a keçmək üçün sərhəd çayını keçmək istəyərkən uşaq suya düşüb.
Sentyabrın 13-də Hondurasdan olan 10 yaşlı uşağın sərhəd çayında boğulduğu açıqlanıb. Avqust ayında 4 və 12 yaşlı iki honduraslı uşaq Rio Qrandedə qaçaqmalçılar tərəfindən tərk edilmiş halda tapılmışdı.
Bildirilib ki, qaçqın statusu almaq ümidi ilə Meksika üzərindən ABŞ-a gələn qeyri-qanuni mühacirlərin sayı son günlərdə 142 minə çataraq rekord qırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə