Ukrayna Luqanskdakı Sorokino sursat anbarına hücum edib

Ukrayna Luqanskdakı Sorokino sursat anbarına hücum edib

Ukrayna hərbçiləri bazar ertəsi Luqansk vilayətinin işğal altında olan Sorokino şəhərindəki Yunost zavodunun ərazisinə zərbələr endiriblər (Rusiya hakimiyyəti onu sovet adı ilə Krasnodon adlandırır).

SİA-nın əldə etdiyi məlumata görə, hələ 2014-cü ildə şəhər qondarma “LPR”in rusiyapərəst separatçılarının nəzarətinə keçdikdən sonra orada sursat və hərbi texnika saxlanılırdı.

Qeyd edək ki, şəhər Rusiya ilə sərhədə yaxın, rus qoşunlarının arxasında yerləşir. Həm Rusiya, həm də Ukrayna mediası və teleqram kanalları partlayışların foto və videolarını dərc edirlər.

Bir sıra məlumatlara görə, hücum zamanı uçuş məsafəsi 100 kilometrdən çox olan “Storm Shadow” raketlərindən istifadə edilib.

Bu arada Rusiya İstintaq Komitəsi “sənaye obyektinin” vurulması faktını tanıyıb. İdarənin məlumatına görə, iki nəfər ölüb, üç nəfər yaralanıb.

Partlayış dalğasından evlərə də ziyan dəydiyi bildirilir. Yeri gəlmişkən, bu gün Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri sentyabrın 22-də ilhaq edilmiş Sevastopolda Rusiya Qara Dəniz Donanmasının qərargahına hücum zamanı bu donanmanın komandiri və daha 33 zabitinin öldürüldüyünü açıqlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə