Dmitri Roqozinə “vəzifə” verildi...

...Roskosmosun keçmiş rəhbəri və son bir ildə rəsmi vəzifəsi olmayan Dmitri Roqozin Rusiya qoşunları tərəfindən qismən işğal olunmuş Zaporojye vilayətinin Federasiya Şurasında nümayəndə olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri şənbə günü bir sıra teleqram kanalları və “Exo Moskvı”nın keçmiş baş redaktoru Aleksey Venediktov yayıb.

Qeyd edək ki, Roqozin özünün Telegram kanalında onun haqqında yazılan mesajın linkini dərc etməklə və Zaporojye vilayətinin, eləcə də bütün “Novorossiya”nın (rusların işğal etdiyi ərazilər belə adlanır-A.B.) maraqlarını təmsil etməyin onun üçün “şərəf” olduğunu yazmaqla təyinatını təsdiqləyib.

... İddia olunur ki, fərmanı şənbə günü Rusiya administrasiyasının rəhbəri vəzifəsinə təsdiq edilmiş Yevgeni Balitski imzalayıb.

Yeri gəlmişkən, qismən işğal olunmuş Xerson vilayətində Vladimir Saldo bu gün Rusiya administrasiyasının rəhbəri vəzifəsinin icrasına başlayıb.

Moskva Ukraynanın Zaporojye vilayətinin ilhaqını bir il əvvəl elan edib. İlhaq dünya ölkələrinin böyük əksəriyyəti tərəfindən tanınmır. Rusiya bölgə ərazisinin yalnız bir hissəsinə nəzarət edir, vilayət mərkəzi - Zaporojye isə Ukraynanın nəzarətində qalır. Bölgədə aktiv döyüş əməliyyatları davam edir. Yay hücumu zamanı Ukrayna qoşunları bir neçə yaşayış məntəqəsini azad edib və Rusiyanın cənub istiqamətində ilk müdafiə xəttinin yarıldığı bildirilir.

...Və son bir ildə Roqozin iddia etdiyi kimi, “Çar qurdları” könüllü təşkilatının rəhbəri kimi cəbhədə olub. Gərək ki, yadınızda olar, ötən qış o, Donetsk vilayətində yeyib içmək məclisində olarkən mərmi yarası almışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə